ABŞ və Rusiya Ermənistanı məngənəyə salıb ŞƏRH

ABŞ və Rusiya Ermənistanı məngənəyə salıb ŞƏRH

Ermənistanda keçiriləcək parlament seçkiləriərəfəsi vəziyyət daha gərgin hal alıb. Belə ki, Ermənistan parlamentində növbədənkənar parlament seçkilərinə hazırlıq məqsədilə yaradılmış Seçki Məcəlləsini 72 saat ərzində müzakirə etmək barədə təklif qəbul edilməyib. Ədliyyə naziri Artak Zeynalyanın verdiyi təklifə əsasən, qanuna dəyişiklik iki oxunuşda 72 saat ərzində qəbul edilməli idi. Dəyişikliklər proporsional seçki sisteminə keçid, partiyalar üçün seçki baryerinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsini nəzərdə tutur. Eyni zamanda, koalisiya qurmaq üçün müddət 6 gündən 10 günə qədər artırılır. "SƏS" qəzeti Ermənistan KİV-ə istinadən xəbər verir ki, ölkədə parlament seçkilərinin dekabrın 9-10-u tarixlərində keçirilməsi təklif olunur.

Bütün bunlarla yanaşı, ABŞ və Rusiyanın Ermənistana münasibətinin soyuq olmasıdır. Bu isə, belə bir anlamı verir ki, Paşinyan hökuməti hər an sürprizlərlə üzləşə bilər. Daha dəqiq desək, işğalçı ölkə "çəkic" və "zindan" arasında qalıb.

"Paşinyanın hansı xarici siyasət kursunu tərcih edəcəyi bəlli deyil"

Bu yerdə bir məqamı da vurğulamaq lazımdır ki, bu gün işğalçı ölkədə daxili çəkişmələrlə yanaşı, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya və regiona səfəri bu gün də siyasi çevrələrdə müzakirə mövzusu olaraq qalmaqdadır. Aydın olur ki, səfərdə daha bir məqsəd işğalçı Ermənistanla onun 1 nömrəli müttəfiqi Rusiya arasında münasibətlərdə etimadsızlıq və soyuqluq yaratmaq olub. Belə görünür, bu məqsədə, müəyyən mənada, nail də olunub.

Təsadüfi deyil ki, Bolton İrəvanda olarkən Ermənistana, onun hazırkı rəhbərinə, məhz seçkisonrasına hesablanmış aydın mesajlar verdi. O sırada o, Rusiya asılılığından və Rusiya silahlarından qurtulmaq, qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Qarabağ problemini çözməyi təklif elədi, seçkilərdən sonra bu yöndə Paşinyanın real addım atacağına ümid ifadə elədi.

Rusiya bu mesajlara sərt reaksiya verərək, ABŞ-ı "Ermənistanın daxili işlərinə müdaxilədə" suçladı. Eyni zamanda, bu mesajın digər bir anlamı da ondan ibarətdir ki, İrəvan Kremlin orbitindən uzaqlaşmayınca ciddi Amerika yardımlarına ümid edə bilməz. Həmçinin, bir məqamı da vurğulayaq ki, Boltonun səfəri ərəfəsində N.Paşinyan ABŞ-dan narazılıq eləmişdi. Və artıq: ABŞ da Paşinyandan narazı olduğunu göstərməkdədir. Belə ki, erməni mətbuatının yazdığına görə, Con Bolton Ermənistandan olan ekspertlər və politoloqlarla görüşü zamanı Ermənistanın Rusiyanın bayrağı altında Suriyaya humanitar missiya göndərmək istəməsindən də narazı olduğunu dilə gətirib: "Bolton görüş zamanı Suriyaya göndəriləcək missiyanın humanitar yox, hərbi xarakter daşıyacağı halda, hər şeyin pis olacağı ilə bağlı eyham vurub. O, həmçinin, Rusiyada görüşləri zamanı bu təşəbbüsün Ermənistandan gəldiyinə dair məlumatlar əldə etdiyini bildirib. Bizim mənbələrimiz isə, hazırda humanitar missiya məsələsinin Müdafiə Nazirliyində ciddi müzakirə olunduğunu qeyd ediblər".

Etiraf olunan həqiqət erməniləri qorxuya salıb

Nəhayət, işğalçı ölkə etiraf olunan həqiqətlərdən qorxuya düşmək hissiyyatını yaşaya bilib. Belə ki, ABŞ və Avropanın böyük dövlətlərinin, rəsmi olaraq, ifadə etdikləri bir çox fikirlər işğalçı ölkəni narahat etməyə başlayıb. Amerikanın Ermənistandakı səfiri Riçard Mills, İrəvanı tərk etməzdən öncə, verdiyi müsahibədə erməniləri münaqişənin mahiyyətini anlamamaqda ittiham edib. Eyni zamanda, eyni vaxtda digər ABŞ rəsmisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər bildirib. Bunlarla yanaşı, Fransa Azərbaycanla hərbi əməkdaşlıq edəcək. Ermənistanın bütün iradlarına baxmayaraq, Fransa rəhbərliyi qərarından dönmür. Amerikalı diplomat bildirib ki, mən buraya ilk dəfə gələndə, təəccübləndim: "Gördüm ki, rast gəldiyim ermənilərin əksəriyyəti danışıqlar prosesi çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədirlər".

Nikol Paşinyan isə onun dediklərini başqa səmtə yönəldərək söyləyib ki: "gedən səfirin yadda qalmayacaq sözləridir".

Lakin Paşinyan Riçard Millsın sözünü başqa səmtə yönəltsə də, bilməlidir ki, bu, sadəcə, erməni liderin problemdən qaçması əlamətidir. Çünki belə bir vəziyyətin yaranacağını Azərbaycan tərəfi dəfələrlə Ermənistan rəhbərliyinə xatırladırdı. Onlara dəfələrlə deyilir ki, işğal etdiyiniz Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlisiniz. Münaqişənin həllinin başqa variantı yoxdur! Və rəsmi İrəvanın bununla bağlı hər hansı şərt irəli sürməsi qəbuledilməzdir, çünki o, işğalçıdır!

Bir sıra erməni ekspertləri N.Paşinyanın iki supergüc arasında manevr etməyə çalışdığını yazaraq, bildirirlər ki, N.Paşinyan hər iki istiqamətdə "qırmızı xətti" keçməyə məhkumdur: "Reallıqda "inqilab" rəhbəri bu cəsarəti edə bilməz. Çünki Ermənistanın "qırmızı xətləri"ni özü deyil, Moskva və Vaşinqton müəyyənləşdirir. N.Paşinyanın isə onları keçməyə, sadəcə, nə ixtiyarı var, nə də ki, imkanları. Əsas odur ki, ermənilər də etiraf edirlər: Cənubi Qafqaz uğrunda böyük güclərin savaşı genişlənib. Bu mərhələdə Ermənistan çox pis vəziyyətə düşür və ona görə də, N.Paşinyan ora-bura vurnuxur".

Beləliklə, deyilənlərdən belə nəticə çıxarmaq olur ki, Ermənistan ABŞ və Rusiyanın təzyiqə arasında qalaraq, hələ də çıxış yolu tapa bilmir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə