“Sərt qanunlar reketçiliyin minimuma enməsinə gətirib çıxara bilər” AÇIQLAMA
“Azərbaycan qanunvericiliyi vətəndaşların şəxsiyyətini, ləyaqətini, işgüzar imicini qoruyur”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, o cümlədən də, insanların şəxsi həyatının toxunulmazlığı prinsipi qanunvericilikdə öz əksini tapıb: “Buna baxmayaraq, cəmiyyətimiz hələ də şantaj, böhtan və nəhayət reketçilik problemdən xilas ola bilmir. Mütəmadi olaraq ayrı-ayrı mətbuat səhifələrində, xüsusən də, onlayn mediada, sosial şəbəkələrdə vətəndaşların şəxsi həyatına kobud müdaxilələr edilməsi, onların şər, böhtan və şantaja məruz qalması, şəxsi ləyaqət hisslərinə toxunulması, təhqir hallarına tez-tez rast gəlinir. Məsələ burasındadır ki, belə anormal hallara ciddi mətbuat və səviyyəli saytların rəhbərləri yol vermirlər. Yalnız, elə yaradılandan qarşısına bu cür fəaliyyət göstərməyi məqsəd kimi qoymuş qəzet və saytların səhifələrində vətəndaşları narahat edən yazılar çoxsaylı olur. Çünki belə qəzet və saytlar dövlətçiliyin, milli-mənəvi dəyərlərin, tariximizin, mədəniyyətimizin təbliği üçün yaradılmayıb. Onların bir məqsədi var: şantaj yolu ilə pul qazanmaq… Dəfələrlə belə yol tutan adamların cinayət məsuliyyətinə cəlb olunmasının şahidi olmuşuq. Elə bir neçə gün əvvəl sonuncu, yəni indi müzakirə mövzusu olan hadisə baş verdi. Fikrimcə, bu da son olmayacaq. Əgər qanunlarımızı konkretləşdirməsək, sərtləşdirməsək, belə halların kökü kəsilməyəcək. Təhqir, böhtan, şantaj, şəxsi həyata müdaxilə, insan ləyaqətinə toxunulması və başqa hallarla bağlı iri məbləğdə cərimələr tətbiq olunmalıdır. Yalnız daha sərt qanunlar və böyük miqdarda cərimələr reketçiliyin minimuma enməsinə gətirib çıxara bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB