"ABŞ İranla bağlı məqsədlərinə çata bilməyəcək"

"ABŞ İranla bağlı məqsədlərinə çata bilməyəcək"

"ABŞ İrana qarşı yeni sanksiyalar irəli sürməklə öz məqsədlərinə çata bilməyəcək, onlara görə yeni heç nə baş verməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlayıb.

“Vaşinqton İrana qarşı iqtisadi və xüsusilə də siyasi məqsədlərinə nail ola bilməyəcək. Birləşmiş Ştatların iqtisadi məqsədlərini sanksiyalar hesabına həyata keçirdiyini bilmək çətin deyil. Lakin bu sanksiyalarla siyasi məqsədlərə nail olma ehtimalı yoxdur”,-deyə XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, Amerika sanksiyalarının ikinci mərhələsi daha çox psixoloji təsir göstərəcək: “Noyabr ayının əvvəlində, yəni sanksiyaların qüvvəyə minməsindən əvvəl, AB ilə İran arasında hesablaşmalar mexanizmi artıq fəaliyyətə başlayacaq”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ABŞ prezidenti Donald Tramp cari ilin may ayında Vaşinqtonun İranla nüvə proqramı ilə bağlı razılaşmadan imtina etdiyini açıqladı. Trump həmçinin İrana qarşı bütün sanksiyaların, o cümlədən İranla işləyən digər ölkələrə münasibətdə bərpa olunduğunu bildirdi. ABŞ avqustun 7-dən etibarən yenidən İrana qarşı sanksiyaların növbəti hissəsi ilə bağlı fəaliyyətə başladı. Noyabr ayından etibarən ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən daha ciddi sanksiya tətbiqi gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə