İRNA-nın baş direktoru: "Azərbaycanın taleyi bizim üçün əhəmiyyət kəsb edir" MÜSAHİBƏ-ÖZƏL
İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşeminin SƏS TV-yə müsahibəsi
- Artıq VI dəfədir ki, Bakı Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Foruma qatıldığınıza görə, sizi də tədbirin bir hissəsi adlandıra bilərik. İran təmsilçisi olaraq bu təşəbbüsü necə qiymətləndirirsiniz?
- Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox gözəl bir təşəbbüsdür. Forumda müzakirə olunan məsələlərin hər biri dünya üçün çox mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi Forumda Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda keçiriləcək işçi sessiyası keçirildi. Hesab edirəm ki, bu təşəbbüs özü-özlüyündə “fake news” – yanlış informasiyaların qarşısını ala bilər. Forum fərqli ölkələrdən jurnalistləri bir araya toplamaqla gələcəkdə əməkdaşlıq, birgə fəaliyyət üçün zəmin yaratmaq imkanları yaratdı. Yaxşı olardı ki, Forumda yanlış informasiyadan əziyyət çəkən ölkələr də təmsil olunardılar. Forum ümumilikdə əməkdaşlığın artırılmasına xidmət etməklə yanaşı, İranın burada fəaliyyət göstərən dövlət və digər mətbuat orqanları ilə əlaqələrinin inkişafına geniş imkanlar yaradır. Əminəm ki, bu cür forumların keçirilməsi gələcəkdə öz töhfəsini verəcək. Azərbaycan bütün sahələrdə uğurla, dinamik inkişaf edir, qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib.
- Özünüzün də söylədiyi kimi, Forumda müzakirə olunan məsələlərdən biri yanlış informasiyalarla bağlı oldu. Forumda aparılan müzakirələrə əsasən deyə bilərik ki, yanlış xəbərlər dünyada bir sıra problemlərə səbəb olmaqdadır. Xəbər agentliyinin baş direktoru kimi necə düşünürsünüz dünyada texnologiyanın inkişaf etdiyi bir zamanda bu problemin qarşısını almaq mümkündürmü və hansı addımlar atılmalıdır?
- Yalnız informasiya elə bir məsələdir ki, artıq onun bütün dünyada və cəmiyyətlərdə hiss etmək olur. Bunun qarşısını almaq üçün fərqli qurumların arasında əməkdaşlığın artırılması ilə xəbərlərin yayılmasına dəqiq nəzarət etmək olar. Həm son yazdığım məqaləmə, həm də Forumun bu mövzu ilə əlaqədar keçirilən işçi sessiyada çıxışıma istinad edərək demək istəyirəm ki, media, KİV sahəsində insanları maarifləndirmə, eyni zamanda bu sahədə insanların savadlılığının artırılması ilə bağlı işlər ciddi şəkildə aparılmalıdır. Biz dəqiq xəbərlərin fərqli cəmiyyətlərdə düzgün yayılmasına kömək etməliyik.
Bu gün həm İran, həm də Azərbaycan düşmən qüvvələrin yaydığı yalan xəbərlərdən əziyyət çəkirlər. Biz iki ölkə arasında əməkdaşlıq edir, Azərbaycan və İran xəbərlərin dəqiq yayılması istiqamətində fəaliyyət göstəririk. Bəzi qüvvələr var ki, İran haqqında informasiyaları saxtalaşdırmağa cəhd edirlər. Lakin biz əməkdaşlığımız, media qurumları ilə birgə fəaliyyət nəticəsində bunun qarşısının alınmasına çalışır və fəaliyyətimizi ən dəqiq informasiyaların yayılması istiqamətində qururuq. Forumda bizə İranla bağlı yayılan yanlış informasiyalarla əlaqədar suallar ünvanlandı. Mən həmin şəxsləri məlumatlandırdım ki, İranda 1000-dən çox media qurumu fəaliyyət göstərir və 4 milyondan çox tələbə təhsil alır. Ölkəmizdə xanımların İran cəmiyyətində çox fəal iştirakı var və hətta İRNA Xəbər Agentliyində çalışanların böyük əksəriyyəti xanımlar təşkil edir. Bunun özü İranda mövcud olan azadlığın göstəriciləri olmaqla yanaşı, ölkəmiz haqqında yayılan informasiyaların nə dərəcə yanlış olduğunun göstəricisidir.
- Son dövrlər İranla bağlı yayılan informasiyaların əksəriyyəti ABŞ-ın sizin ölkəyə tətbiq etdiyi sanksiyalarla bağlıdır. Burada hansı yanlışlıqlara yol verilir?
- Bəli, ölkəmizlə bağlı yayılan yanlış informasiyalardan biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. ABŞ İrana qarşı sanksiyalarını şiddətli şəkildə davam etdirmək niyyətində olmasına baxmayaraq, amma bizim cəmiyyətimiz çox yaxşı şəraitdə yaşayır, ölkəmizin iqtisadiyyatı inkişaf etməkdədir. Amma bütün bunlara baxmayaraq, İran bir qurban kimi yalan xəbərlərin yayılmasına tuş gəlir və dünyada İran haqqında qara təsvir yaratmağa çalışırıq.
- Özünüz də söylədiniz ki, Azərbaycan da yalan informasiyalardan əziyyət çəkən ölkədir. Yalan informasiyalar nədən qaynaqlanır?
- Azərbaycana gəldikdə, ölkənizin çox böyük gözəlliklər var. Bu gün Azərbaycan dünyaya müxtəlif sahələrdə öz modelini, brendlərini təqdim edir. Biz hesab edirik ki, Azərbaycan da əməkdaşlıqlar nəticəsində yalan informasiyaların yayılmasına təsir edə bilər. Ümumiyyətlə, belə xəbərlərin təsirinin minimuma endirilməsi üçün birgə səylər göstərilməlidir.
- Bəs İRNA Agentliyi Azərbaycan haqqında hansı informasiyaları yaymaqda maraqlıdır və agentliyinizdə ölkəmizə nə qədər yer ayrılır?
- İRNA xəbər agentliyi böyük bir təşkilatdır və agentliyimizdə fərqli bölmələr fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanla bağlı agentliyimizdə yayılan informasiyaların sayı da çoxdur. Ümumiyyətlə, ölkəniz haqqında müxtəlif xəbərlər bizim üçün önəm daşıyır. Nəzərinizə çatdırım ki, Azərbaycanın istiqlalının ilk günlərindən İRNA Xəbər Agentliyi ölkənizdə fəaliyyət göstərir, burada öz ofisini yaradıb. Turizm, iqtisadiyyat, ölkələr arasında münasibətlər, Azərbaycanın istiqlaliyyət uğurunda atdığı addımlar və digər sahələr haqqında informasiyalar agentliyimizin səhifəsində yer alan xəbərlərdəndir. Azərbaycan həm də müsəlman ölkəsi olaraq, onun taleyi bizim üçün çox əhəmiyyət kəsb edir. Nəticə etibarı ilə Azərbaycanda baş verən fəaliyyətlər, xarici, qara qüvvələrə qarşı atılan addımlara ölkəmizdə önəm verilir. Bundan əlavə mədəniyyət sahəsində ölkələrimiz arasında əməkdaşlıq, əldə olunan uğurlar, xüsusilə də mətbuat sahəsi ilə bağlı görülən işlər agentliyimizin diqqətdə saxladığı məqamlardır.
- İRNA Xəbər Agentliyində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərlər necə tənzimlənir?
- İRNA dövlət xəbər agentliyi olduğu üçün İranın rəsmi mövqeyini əks etdirir. Bu baxımdan agentliyimiz ölkəmizin Azərbaycanla bağlı həyata keçirdiyi siyasəti dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB