“Gənc Liderlər üçün Qış Universiteti” layihəsinə start verilib

“Gənc Liderlər üçün Qış Universiteti” layihəsinə start verilib
"İrəli" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə növbəti "Gənc Liderlər üçün Qış Universiteti" layihəsinə start verilib. Bu barədə SİA-ya birlikdən məlumat verilib. Tədbirin əsas məqsədi gənc liderlərin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, habelə yerli özünüidarəetmə və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Layihənin açılış mərasimində "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) nümayəndələri Fidan Qasımova və Volfqanq Ayqner çıxış etmiş, gənc liderlərə Qış Universitetinin məqsədləri barədə ətraflı məlumat veriblər. Daha sonra təlimlər başlayıb. "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı "Gənclərin liderlik və idarəetmə təşəbbüslərinin inkişaf etdirilməsi" mövzusunda çıxış edib. İştirakçıların fəallığı ilə keçən təlim zamanı C.Osmanlı çoxsaylı sualları cavablandırıb, bu sahədə beynəlxalq təcrübədən yararlanmağın vacibliyini qeyd edib.

Daha sonra "Layihələrin idarə edilməsi" mövzusu ətrafında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi Ramiz Məmmədlinin təqdimatı olub. R.Məmmədli layihələrin idarə edilməsi üçün uyğun olan korporativ strukturun seçilməsi, layihələrin həyata keçirilməsi zamanı rastlaşılan problemlərdən operativ çıxış yolları barədə geniş məlumat verib.

Dekabrın 19-dək davam edəcək tədbirdə gənc mütəxəssislər, bələdiyyə üzvləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Təlimlər zamanı iştirakçılar liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirmək, şəbəkələşmək və professional əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə