"Bu, ABŞ-Azərbaycan ikitərəfli münasibətləri baxımından olduqca mühümdür" RƏY-AÇIQLAMA
“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb etdi. Con Bolton və Prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi meqa enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərmiş olur”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil: “Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə , həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib.
Dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu konteksdə qiymətləndirilməlidir. Əlbəttə ki, bu məsələlərin hamısı deyil. Əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir”.
H. Babaoğlu söyləyib ki, həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər: “Con Bolton səfər zamanı məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Düşünürəm ki, bu xüsusi bir məqamdır”.
Baş redaktor qeyd edib ki, əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır: “Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir. Bu baxımdan düşünürəm ki, Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi. Azərbaycan müşavirlə müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu”.
Deputat əlavə edib ki, bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyukturasına nəzər salsaq ən müxtəlif problemlərin məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırıldığını görə bilərik: “Ona görə də bu səfər istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB