ABŞ Konqresində “erməni soyqırımı”nın yenidən səsverməyə çıxarılması gözlənilir

ABŞ Konqresində “erməni soyqırımı”nın yenidən səsverməyə çıxarılması gözlənilir

Yeni il tətilinə getməyə hazırlaşan ABŞ Konqresində "erməni soyqırımı"nın yenidən səsverməyə çıxarılması gözlənilir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, erməni mənbələri tərəfindən bu barədə informasiya yayıldıqdan sonra Türkiyənin ABŞ-dakı səfirliyi gərgin fəaliyyətə keçib. Amerika Erməni Milli Konqresi Konqresdəki mənbələrinə istinad edərək bu ilin mart ayında Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul edilən 252 nömrəli "erməni soyqırımı" qanununun 48 saat ərzində Nümayəndələr Palatasının ümumi iclasında müzakirə olunacağını xəbər verib. Daha sonra erməni diasporuna Nümayəndələr Palatasında səs verəcək millət vəkillərinə təzyiq etmək çağırışı olunub.

 

Qeyd olunub ki, qanun layihəsinin müzakirəyə çıxarılması səlahiyyəti Nümayəndələr Palatasının rəhbəri Nenci Pelosiyə aiddir. Pelosinin mart ayında qəbul olunan komitə qərarında da onun mühüm rol oynadığı deyilir. Türkiyənin ABŞ səfirliyi səsvermənin müzakirəyə çıxarılma ehtimalına qarşı fəaliyyətə başlayıb. Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan "Twitter" vasitəsilə mesaj verib. O, "erməni təşkilatları 1915-ci il hadisələri ilə bağlı iddiaların əks olunduğu qanunun Nümayəndələr Palatasında səsverməyə çıxarılması üçün kampaniya başlayıb. Bütün Türkiyə-ABŞ cəmiyyətinin lazımı həssaslıq nümayiş etdirəcəyinə əminəm" deyib.

 

Son iclaslarını keçirən və hələ də vəzifə başında olan 111-ci Konqresin tətilə gedəcəyi bir vaxtda Konqresin üzvləri timsalında türk və erməni diasporları arasında böyük bir rəqabət başlayıb. Türkiyə ABŞ müdafiə naziri Robert Qeyts də daxil olmaqla hökumət rəsmiləri ilə əlaqəyə girib. ABŞ Xarici İşlər Nazirliyi isə qanunun müzakirəyə çıxarılmasını gözləmir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-lı həmkarı Hillari Klinton arasında telefon danışığı olub. Ə.Davudoğlu bu cür bir cəhdin qəbuledilməz olduğunu vurğulayaraq qanunun müzakirəyə çıxarılmasının dərhal dayandırılmasını istəyib. H.Klinton isə qanunla əlaqədar Vaşinqtonun mövqeyində heç bir dəyişikliyin olmadığını ifadə edib. O, "biz əvvəldən qanuna qarşıyıq. Əlimizdən gələni edəcəyimizdən şübhəniz olmasın" deyib.

 

Qeyd edək ki, mart ayında Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində sözügdən qanun 22 səs əleyhinə, 23 lehinə olmaqla qəbul olunub. N.Pelosinin uzun müddətdir ki, Nümayəndələr Palatasında müzakirəsini gözləyən qanunu yeni ildən sonra respublikaçıların üstünlük təşkil edəcəyi yeni Konqres işinə başlamadan müzakirəyə çıxarmaq istədiyi iddia edilir. Ermənilərin böyük dəstəkçisi olaraq tanınan N.Pelosinin də qanunu qarşıdakı 48 saat ərzində Nümayəndələr Palatasının gündəminə gətirəcəyi deyilir.

 

Erməni iddialarının əks olunduğu qanun layihəsi hal-hazırda 435 Konqres üzvündən 148-i tərəfindən dəstəklənir.

Bütün xəbərlər Facebook səhifəmizdə