"Fransa prezidenti Azərbaycana səfər etməlidir" ÖZƏL-MÖVQE

"Fransa prezidenti Azərbaycana səfər etməlidir" ÖZƏL-MÖVQE

“Fransa bələdiyyə başçılarının qanunsuz səfərləri qondarma rejimin sui-istifadə etdiyi işğal və azərbaycanlıların kütləvi etnik təmizləmələri əsasında qurulan "status-kvo"nun təşviqi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımlardır. Belə ki, Fransadan olan merlərin azərbaycanlıların yüz illərdir yaşadığı, hazırda Ermənistanın işğalı altında olan Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə “bəyannamə”lərin imzalaması insanlığa qarşı cinayət hesab edilən etnik təmizləməyə razılıq bildirməkdir. Ümumiyyətlə bu kimi qanunsuz səfərlərin sayı artmaqda davam edir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ölkəmizdəki səfirini çağıraraq ona nota təqdim edib: “Təbii ki, bundan əvvəl də rusiyalı ictimai fəallar qeyri-qanuni olaraq Qarabağa gəlmişdilər və onların da adları qara siyahıya salınmışdı. Amma görünür ki, bununla iş bitmir. Hesab edirəm ki, Azərbaycan XİN-in fəallaşmasına və o dövlətlərlə işləməsinə ehtiyac var ki, anladılsın ki bu səfərlə cəbhə bölgəsindəki vəziyyəti daha da gərginləşdirir. Ona görə də düşünürəm ki, bir qədər fəaliyyəti genişləndirmək lazımdır. Çünki qara siyahıya almaq görünür bu səfərlərin sayını azaltmır. Hesab edirəm ki, Fransa prezidenti indi Azərbaycana səfər etməlidir. Biz hər il belə hadisələrlə üzləşirik. Bunu da erməni lobbisi, Ermənistan hakimiyyəti və separatçılar bilərəkdən edirlər ki, göstərsinlər ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri heç münaqişənin həllində maraqlı deyillər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə