BMT yeni mexanizmlər hazırlamalıdır

BMT yeni mexanizmlər hazırlamalıdır

Əsrin dörddə birindən çox müddətdir ki, Azərbaycan torpaqları erməni işğalçıları tərəfindən zəbt edilib və əfsuslar olsun ki, hələ də həmin torpaqlar işğal altındadır. Bu torpaqların geri qaytarılmasına qoyulan tələblərə, beynəlxalq qurumların irəli sürdüyü tələblərə, qərar və qətnamələrə hələ də Ermənistan tərəfi məhəl qoymür və bu saymazlıq belə nədənsə hətta öz layiqli cavabını ala bilmir.

İşğalçılar tarixi abidələri dağıtmaqla həqiqəti ört-basdır edə bilməzlər və Qarabağın Azərbaycana məxsus olmasını inkar etmək mümkü deyil

İndi erməni işğalçıları tərəfindən zəbt edilən Dağlıq Qarabağın tarixi torpaqlarımız olduğu təkcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünya ictimaiyyətinə bəllidir. İşğalçılar tarixi abidələri, memarlıq abidəsi sayılan yaşayış binalarını, məbədgahları, məscidlərı dağıtmaqla bu həqiqəti ört-basdır edə bilməzlər və Qarabağın Azərbaycana məxsus olmasını inkar etmək mümkü deyil. Doğrudur, daim “Böyük Ermənistan” xülyası ilə qonşu dövlətlərin, xalqların ərazilərinə tamah salmaqda ermənilərin tayı-bərabəri yoxdur və özününküləşdirmək niyyəti ilə əldən ayaqdan getdikləri da göz qabağındadır. Göz qabağındadır ki, məhz Dağlıq Qarabağın Ermənistan torpaqları kimi təbliq edilməsi üçün Qərb qarşısında min bir oyundan çıxırlar. Hətta erməni lobbisinin müxtəlif qurumlara, dövlətlərə təsirini də inkar etmək olaz. Son Frankofoniya kimi Fransız dillilərin sammitinin heç bir aidiyyatı olmadan, əsassız şəkildə Ermənistanda keçirilməsinə nail olan erməni lobbisi müxtəlif təsir üsullarından istifadə etməyə çalışır.

Təbii ki, əsassız iddialarını əsaslandırmaq məqsədi, niyyəti ilə özünə həmfikir axtarışı da başa düşüləndir. Amma erməni lobbisi nə qədər çalışsa da, erməni təbliğatı nə qədər sürətlə işləsə də Qarabağın Azərbaycana məzsus olması həqiqəti dəyişilməz olaraq qalır. Bir milyondan artıq qaçqın və məcburi köçkünün Dağlıq Qarabağ ərazisindən didərgin salınması həqiqətlərinə nə lobbiçilik kölgə sala bilməz, nə də ötən əsrin sonlarında həmin ərazilərdə törədilən soyqırım, etnik təmizləmə siyasətini, işğal faktını erməni təbliğatı ört-basdır edə bilməz. Təkcə erməni işğalçılarının dağıtdıqları abidələr deyil, musiqilər, sənətkarlıq nümunələri, toponimlər də Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edir.

Bəyanatlar, qərarlar, qətnamələr hələ heç də münaqişənin həlli demək deyil və beynəlxalq qurumların bu sahədə nailiyyətlərinə şahid deyilik

İndi bütün dünya, hətta guya ki, Ermənistan da münaqişənin həllinə canfəşanlıq göstərir. Hərçənd ki, bunu nə Ermənistanın apardığı siyasətdə görmək olur, nə də beynəlxalq qurumların bu sahədə nailiyyətlərinə şahid deyilik. Bəyanatlar, qərarlar, qətnamələr hələ heç də münaqişənin həlli demək deyil. Çünki, bu qərar və qətnamələr yalnız kağız üzərində qalır, Ermənistan tərəfi bütün bunlara məhəl qoymur, beynəlxalq qurumlar isə bu sayqısızlığa görə işğalçılara sanksiya tətbiq etmir. Nəticədə münaqişənin həlli illər boyu uzanır, Dağlıq Qarabağla bağlı problem öz həllini tapmır. Amma Cənab Prezident İlham Əliyevin də VI Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə variantı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır və bunun üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönməlidirlər.
Qeyd olunduğu kimi, işğalçı dövlət BMT kimi beynəlxalq təşkilatın 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması qərarına əməl etmir. Qəbul olunmuş bu qərar və qətnamələrə artıq 25 ildən çoxdur ki, etinasızlıq edir, beynəlxalq hüququn norma və prinsplərinə hörmətsizlik nümayiş etdirir. Ermənistanın belə saymazlıq etməsinə, qərar və qətnamələrə məhəl qoymamasına, əməl etməməsinə qarşı isə heç bir əməli tədbir görülmür. Görünür, bu hal işğalçı dövlətin maraqlarına xidmət edir. Təbii ki, münaqişənin həllini yubatmaq işğalçılar üçün arzuolunandır. Çünki, münaqişənin ədalətli həlli o deməkdir ki, işğalçıların zəbt etdikləri torpaqlar qaytarılmalı, işğal faklarına, soyqırım əməllərinə hüquqi qiymət verilməlidir.

Qəbul olunan qərarlara etinasızlığına görə Ermənistana nə sanksiyalar tətbiq olunub, nə də beynəlxalq təşkilatların elə bir sanksiya mexanizmi yoxdur

Maraqlıdır, BMT kimi beynəlxalq təşkilatın Azərbaycanın xeyrinə qəbul etdiyi qərar və qətnamələri olduğu halda, yəni işğalçıların torpaqlarımızı qeyd-şərtsiz boşaltmalı olduqları halda, əlavə hansı danışıqlardan söhbət gedə bilər? Niyə bu vaxta qədər işğalçılar tərəfindən torpaqlar boşaldılmayıb və bu qərarların, qətnamələrin fonunda daha hansı danışıqlardan, hansı razılaşmalardan söhbət gedə bilər? BMT-nin sözügedən qərar və qətnamələrindən sonra, Ermənistan daha hansı instansiyada qərarı eşitmək fikrindədir və ümumiyyətlə, bu beynəlxalq təşklatın qərarlarına məhəl qoymayan bir işğalçı ölkə hansısa görüşdə qəbul olunmuş qərarlara məhəl qoyacağı inandırıcı səslənirmi? Belə olan halda Ermənistan rəhbərliyinin hansısa görüşlərə, danışıqlara cəlb olunmasının nə kimi effekti ola bilər və bunun nəticəsinə ümid etməyə dəyərmi? Əlbəttə ki, yox. Çünki, nə Ermənistana bu vaxta kimi qəbul olunan qərarlara əməl etmədiyinə görə nə sanksiyalar tətbiq olunub, nə də beynəlxalq təşkilatların elə bir sanksiya mexanizmi yoxdur. Əgər işğalçı dövlət qəbul olunmuş qərarların icra edilməməsi səbəbindən hər hansı sanksiya və cəza tədbiri ilə qarşılaşmayacağna əmin olduqca bundan sonra da hərhansı qərara etinasızlıq etməyə davam edəcək. Əks təqdirdə, yəni qərarlara göstərəcəyi etinasızlıq müqabilində sanksiya və cəza tədbirlərinin tətbiq olunacağını qəbul edərsə, bu zaman sözsüz ki, həmin qərar və qətnamələrin icra edilməsinə maraqlı, daha doğrusu məcbur olar. Amma, təəssüf ki, nə sanksiya, nə də cəza tədbirlərinin tətbiq olunması üçün belə bir mexanizm mövcud deyil. Ona görə də beynəlxalq təşkilatlar qəbul etdiyi qərar və qətnamələrinin icrasının reallaşdırılması, beynəlxalq hüququn tələblərini işğalçının icra etməsi üçün ilk növbədə sanksiya və cəza tədbirlərini müəyyən edən mexanizm hazırlamalıdırlar.

Hazırlamalıdırlar ki, bu qərarlar yalnız kağız üzərində qalmasın. Əks halda, nə BMT qərar və qətnamələrinin, nə də digər instansiyalar qəbul etdikləri qərarlarının icrasını reallaşdıra bilməyəcək. Təbii ki, nəticədə nüfuzlu beynəlxalq təşkilatların qərarları öz mahiyyətini və çəkisini itirəcək ki, sonda bu həmin təşkilatların özlərinin də nüfuzuna xələl gəlməsi, imicinə zərbə deməkdir. Məhs buna görə də, qəbul edilmiş qərarların icrasının reallaşması üçün, işğalçıların beynəlxalq hüququn tələblərinə riayət etməsini təmin etmək üçün mexanizm hazırlanmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə