"Baku Electronics"dən şikayətlər gündən-günə artır

"Baku Electronics"dən şikayətlər gündən-günə artır
Elektrik malları həyatımızda böyük rola malikdir. Daha doğru desək, elektrik malları son dövrlərdə həyatımızın əsasına çevrilib. Dünyada elektrik məhsulları istehsal edən bir çox firmalar var ki, hazırda onlar arasında böyük rəqabət aparılır. Azərbaycanda da bir çox məşhur firmaların məhsullarını təqdim edən distribyutorlar fəaliyyət göstərir. Onlardan da biri efir məkanında keyfiyyətli məhsullar təqdim etdiyini iddia edən, geniş reklama malik olan "Baku Electronics" mağazalar şəbəkəsidir. Bildiyimiz qədər bu şəbəkə ölkə əhalisinə televizor, notbuk, mobil telefon, mətbəx üçün lazım olan elektrik avadanlıqları və digər məhsulları təqdim edir.

Yaranan gündən efir məkanında şirkətin çoxsaylı reklamları ilə qarşılaşırıq. Şirkət ən azı reklam olunduğuna görə, cəmiyyətdə böyük nüfuz qazanıb. Amma reklam hələ də keyfiyyət demək deyil. Ona görə də belə bir sual ortaya çıxır. Görəsən sözügedən şəbəkənin məhsulları həqiqətənmi keyfiyyətlidir? Bax buna şübhə etməyə dəyər. Çünki, son vaxtlar "Səs" qəzetinə və "Səs" İnformasiya Agentliyinə şirkətlə əlaqədar çoxsaylı şikayətlər daxil olur.

Şikayətçilərin bəziləri şirkətin təqdim etdiyi məhsulların keyfiyyətsizliyindən, bəziləri zəmanət kartlarından, bəziləri isə şirkətin elan etdiyi kampaniyaların yanlış olmasından narazı olduqlarını bildirilər.

Şikayətçilərin biri bildirir ki, şirkətin efir məkanlarını zəbt edən reklamlarda əks etdirdiyi keyfiyyətli məhsullar əslində çox keyfiyyətsiz olmaqla yanaşı təsvir olunduğu kimi deyil. Qeyd edilib ki, reklamlar vasitəsilə "şişirdilən" mallar təqdim edilən funksiyanı daşımırlar.

Digər bir şikayətçimiz mal alarkən həmin şəbəkə tərəfindən təqdim edilən zəmanət kartlarınn etibarsız olduğunu iddia edir. Bildirilib ki, həmin şəbəkədən alınan məhsul keyfiyyətsiz çıxarkən onun qaytarılması mümkün olmur. Baxmayaraq ki, şirkət mal alana həmin malın zəmanət kartını təqdim edir. Amma məhsul geri qaytarılarkən özü tərəfindən təqdim edilən kartı qəbul etmir. Buna görə də bir çox insan aldadılır və ya get-gələ salınır. Sonda da vaxtında gəlməmisiniz deyə cavab verilir.

Başqa bir şikayətçimiz həmin şəbəkə tərəfindən aparılan kampaniyaların yalnış olması ilə bağlı bizə müraciət edib. Həmin müraciətdə qeyd edilir ki, şirkət tərəfindən endirimlərlə və ya bir məhsul alan hədiyyələrin verilməsi ilə əlaqədar kampaniyalar sadəcə olaraq sadə vətəndaşların aldadılması üçün nəzərdə tutulub. Belə ki, kampaniyada nəzərdə tutulan məhsul və hədiyyə iki məhsulun qiymətin daha baha başa gəlir.

Bəzi şikayətçilərimiz isə bildirirlər ki, şirkət tərəfindən müxtəlif firmaların adları ilə təqdim edilən mallar qüsurlu mallar sırasına daxildir.

Yuxarıdakı şikayətlərə aydınlıq gətirmək üçün SİA şirkətlə əlaqə saxlamağa cəhd göstərsə də cəhdimiz boşa çıxdı. Sözügedən şirkət rəsmiləri hər hansı bir açıqlama verməkdən boyun qaçırdılar. Başa düşə bilmirik, bu dərəcədə keyfiyyətli mallar təqdim etdiyini deyən bir şirkət mətbuata nədən bu qədər qapalı olsun? Bu onların özlərinin təqdim etdiyinin mallarının keyfiyyətinə şübhə etdiklərini göstərmirmi?

Qeyd edək ki, jurnalist araşdırmaları davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə