"Robot "Sofiya"nın ölkəmizə səfəri məntiqə uyğundur” ÖZƏL-ŞƏRH

"Robot "Sofiya"nın ölkəmizə səfəri məntiqə uyğundur” ÖZƏL-ŞƏRH

“Robot "Sofiya"nın innovativ əsaslarla inkişaf edən ölkəmizə səfəri etməsi məntiqə uyğundur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə. Azərbaycan innovativ əsaslarla inkişaf edən bir ölkədir: “Son illərdə ölkəmizdə nəinki dünya elminin və texnologiyasının nailiyyətləri tətbiq edilir, həm də ölkəmiz dünya elminə və texnoloji inkişafına töhfələr verir. Bu baxımdan elektron hökumət, Azexport, elektron kənd təsərrüfatı, “ASAN”, Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, Azerkosmosun süni peykləri, TASİM və s. vurğulamaq olar. Bu cür inkişafın dünyada hər kəsin, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülmüş "Sofiya"nın diqqətini çəkməsi təsadüfi deyil.

"Sofiya" davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMTİP ilə əməkdaşlıq edir. Bu humanoid robotun Azərbaycan haqqında dediyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunu bir daha təsdiqidir. Xüsusən, "Sofiya"nın Azərbaycanın texnoloji inkişafı barədə dedikləri, fikrini əsaslandırmaq üçün konkret layihələri misal göstərməsi qürurvericidir. Bilirik ki, "Sofiya" davamlı olaraq dünyanın müxtəlif ölkələrinə səfər edir, dünya mətbuatı tərəfindən yaxından izlənilir və davamlı olaraq yüksək səviyyəli media proqramlarda və müsahibələrdə iştirak edir. Onun Azərbaycan səfəri də dünyanın diqqət mərkəzindədir və bu, ölkəmiz üçün mühüm önəm daşıyır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə