“İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində konfrans-seminar işinə başlayıb
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində 3 günlük konfrans-seminar işinə başlayıb.
SİA-nın xəbərinə görə, Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçilərinin qatıldıqları tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O bildirib ki, konfrans-seminarın təşkilindən məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən, mövcud sahədə nəzərə çarpan neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Ə.Amaşov Azərbaycan KİV-lərinin ekologiyanın və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin işıqlandırılmasına hər zaman böyük diqqət göstərdiyini vurğulayıb, onların mövcud istiqamətdəki potensialının artırılmasının vacibliyini önə çəkib.
YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva təmsil olunduğu qurumun Azərbaycanla əlaqələrinin daim yüksələn xəltə inkişaf etdiyini bildirib. O bu əlaqələrin dərinləşməsində Heydər Əliyev adına Fondun prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük rolunun olduğunu vurğulayıb.
YUNESKO-nun MaB (İnsan və biosfer) Milli Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Urxan Ələkbərov qlobal problem olan iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında elm, təhsil və mədəniyyət amillərinin başlıca rol oynadığını deyib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib ki, Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü jurnalistləri maarifləndirməklə yanaşı, xeyirxah missiya da daşıyır. "Prezident İlham Əliyev cənablarının fərmanı ilə 2010-cu il Azərbaycanda ekologiya ili elan edilib. Ölkənin hər yerində bu istiqamətli tədbirlər təşkil olunmaqdadır. Lakin jurnalistlərin iştirakı ilə belə bir təşəbbüsün, özü də çox böyük miqyasda, gerçəkləşməsi ilk dəfədir. Cəmiyyətin həmrəyliyi jurnalistlərin həmrəyliyindən keçir", - deyən İ.Ömərov seminarın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev də diqqəti ölkə KİV-lərinin ekoloji məsələlərə daim həssas yanaşdığına çəkib. O, belə tədbirlərin mövcud tendensiyanın daha da möhkəmlənməsinə dəstək olduğunu, əlavə stimul verdiyini deyib: "Azərbaycan dövləti, şəxsən cənab prezident İlham Əliyev ekoloji problemlərin aradan qaldırılmasına olduqca həssas münasibət göstərir. Ölkədə qəbul edilən müvafiq dövlət sənədləri, qanunlara edilən əlavə və dəyişikliklər də bunun əyani nümunəsidir. Azərbaycan cəmiyyəti də məsələyə eyni həssaslıqla yanaşmalıdır. Burada "Teleradio mediası və iqlim dəyişikliyi" barədə Paris deklorasiyasından söhbət açıldı. Hesab edirik ki, bu gün Azərbaycanın teleradio nümayəndələrinin həmin sənədə həmrəy olduqlarını göstərmələri vacib məqamdır. Bununla ölkə KİV-ləri üzərilərinə böyük məsuliyyət götürmüş olurlar".
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışında Azərbaycanda ekologiya ili çərçivəsində reallaşdırılan tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə çıxışında UNESCO-nun 2009-cu ilin sentyabrın 4-5-də "Teleradio mediası və iqlim dəyişikliyi" mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyası barədə geniş məlumat verib.
Televiziya və radio kanallarının təmsilçiləri "Azərbaycanın televiziya və radio qurumları rəhbərləri və nümayəndələrinin UNESCO-nun "Teleradio mediası və iqlim dəyişikliyi" barədə Paris deklorasiyası ilə həmrəyliyinə dair bəyanatı"nı yüksək qiymətləndirərək onu imzalayıblar. Bəyanata paytaxtda və bölgələrdə fəaliyyət göstərən telekanalların rəhbərləri və məsul şəxsləri imza atıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB