Namiq Əliyev: “Dövlətin mətbuata yardımları əksər xarici ölkələrin təcrübəsində də müşahidə edilir”-AÇIQLAMA
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurası Fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet və 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib. Qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçün isə 2500 manat birdəfəlik yardım veriləcək. Qərara əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olan jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və fondun diplomu təqdim olunacaq.
Birdəfəlik yardım alacaq qəzetlərin sırasında olan "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev KİVDF-nın etdiyi yardımın Azərbaycan mətbuatının inkişafı baxımından səmərəli olacağını deyib. SİA-ya açıqlamasında baş redaktor bu yardımdan həm qəzet redaksiyalarının maddi-texniki bazasının möhkəmləndirilməsində, həm də jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasında istifadə ediləcəyini bildirib. KİVDF-nin atdığı hər bir addımın mətbuatı daha da irəli apardığını deyən N.Əliyev bundan əvvəl aldığı yardımlar nəticəsində redaksiyaya yeni kompüterlərin, bahalı printerin, faks və telefon aparatlarının, fotoaparatlarının alındığını vurğulayıb: "Dövlətin mətbuata qayğısı nəticəsində əvvəlki illərlə müqayisədə xeyli fərq var. Ümidvaram ki, bu davam edəcək. Jurnalistlərdə bu yardımlardan sonra böyük bir ruh yüksəkliyi var".
Bəzi media ekspertləri hesab edir ki, dövlətin yardımları mətbuatda bir qədər arxayınlaşma yaradır. Onların fikrincə, atılacaq bütün addımlar mətbuatın öz maliyyə dayaqlarının yaradılması istiqamətində olmalıdır. Bu baxımdan xarici ölkələr nümunə gətirilir. Səslənən bu fikirlərə gəlincə, "Palitra" qəzetinin baş redaktoru qeyd edib ki, dövlətin mətbuata yardımları əksər xarici ölkələrin təcrübəsində müşahidə edilir: "Xarici ölkələrə səfərlər edən Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təmsilçilərinin Azərbaycana qayıtdıqdan sonra verdiyi müsahibələrdən də bu görünür. Xarici ölkələrdə də dövlət büdcəsindən mətbuata yardımlar edilir. Dövlətin özü maraqlı olur ki, dövlətin nəzarətində olan sahələr işıqlandırılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB