Nazim İbrahimov : “20 azərbaycanlı gəncin Yaxın Doğu Universitetində ödənişsiz təhsil alması üçün şərait yaradılıb”

Nazim İbrahimov : “20 azərbaycanlı gəncin Yaxın Doğu Universitetində ödənişsiz təhsil alması üçün şərait yaradılıb”
2010-cu il fevral ayında Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universiteti (YDU) arasında əldə olunmuş anlaşmaya uyğun olaraq yeni tədris ilindən etibarən hər il 20 azərbaycanlı gəncin Yaxın Doğu Universitetində ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, ingilis dilində olan universitetdə azərbaycanlı tələbələr "Turizm və otel idarəçiliyi", "Avropa Birliyi ilə münasibətlər", "Maliyyə və bank işi", "İqtisadiyyat, idarəetmə, marketinq", "Siyasət elmləri", "Beynəlxalq münasibətlər", "Beynəlxalq menecment", "Qəzetçilik, radio, televiziya və kino" ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər.

Onun sözlərinə görə, Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, habelə yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərmək məqsədilə protokolda nəzərdə tutulmuş 20 yerə namizədlərin Gürcüstanda yaşayan və qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən azərbaycanlı gənclər arasından seçilməsini məqsədəuyğun hesab edib.

O vurğulayıb ki, Yaxın Doğu Universitetinin rəhbərliyinin, yerli dövlət və ictimaiyyət nümayəndələrinin, abituriyentlərin valideynlərinin, iştirakı ilə keçirilən açıq müsahibənin nəticəsi olaraq 18 nəfər soydaşımız müxtəlif ixtisaslar üzrə universitetə təhsil almaq üçün göndərilib: "Dövlət Komitəsi Yaxın Doğu Universitetinə qəbul olunan tələbələrin əksəriyyətinin aztəminatlı ailələrdən olduğunu nəzərə alaraq, onların hər birinə 300 ABŞ dolları məbləğində təqaüd verilməsini öhdəsinə götürüb. Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı olaraq orada yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha da geniş şəkildə məlumatlandırılması və yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə 2010-cu il iyulun 26-dan 31-dək Gürcüstandan 80 nəfər azərbaycanlı tələbənin və gənclər təşkilatının fəallarının Novxanı qəsəbəsindəki "Aquapark" Əyləncə Mərkəzində istirahəti təşkil edilib".

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2008-2010-cu illərdə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycandilli məktəblərin 84-də "Gürcü dili" kursları açıldığını deyən N. İbrahimov söyləyib ki, kurslara ümumilikdə 1700 şagird cəlb olunub. O deyib ki, bunlardan 510 nəfəri orta məktəb məzunlarıdır.

Komitə sədri qeyd edib ki, bundan başqa, 2009-cu ildə Azərbaycan məktəblərini bitirib və məhz gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul oluna bilməyən gənclər də həmin kurslara cəlb edilib.

"Gürcü dili kurslarının səmərəli fəaliyyəti nəticəsində ötən müddət ərzində azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərinə qəbul faizi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2006-2007-ci tədris ilində Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edən azərbaycanlı abuturiyentlərdən 20 nəfər (3 dövlət, 17 özəl), 2007-2008-ci tədris ilində 40 nəfər, 2008-2009-cu tədris ilində 245 nəfər tələbə adına layiq görülüb, 2010-2011-ci ildə isə bu rəqəm artaraq 458 nəfər olub. Bu il ali məktəblərə qəbul olan 458 nəfər tələbənin 352 nəfəri Dövlət Komitəinin dəstəyi ilə təşkil edilən "Gürcü dili" kurslarının dinləyiciləri olub",- deyə N. İbrahimov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə