"“Star”ın açılışı Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir" ŞƏRH-ÖZƏL

"“Star”ın açılışı Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir" ŞƏRH-ÖZƏL

“Türkiyənin İzmir şəhərində “Star” Neft Emalı Zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividentlər vəd edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Türkiyənin böyük ölçüdə enerji daşıyıcılarını idxal edən ölkə olduğunu deyən, baş redaktor söyləyib ki, bu, iqtisadiyyatın bütün sahələrinin inkişafına mənfi təsir göstərməklə bərabər, Türkiyədə istehsal olunan bütün çeşid malların maya dəyərinin də artmasına səbəb olur.

O bildirib ki, Azərbaycanın dövlət şirkəti olan SOCAR vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir: “Belə ki, zavodda hər il 5 milyon ton dizel yanacağı istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizel yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək. Əlbəttə ki, bu layihələr Azərbaycan iqtisadiyyatına da 100 milyonlarla xarici valyuta qazandırmaqla yanaşı, həm də Türkiyənin enerji bazarında onun yerini və rolunu bir daha möhkəmləndirəcək”.

H.Babaoğlu qeyd edib ki, bundan başqa, “Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəməklə, bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq:

“Bütövlükdə bu nəhəng layihə iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıbdır. Bu da hələ son deyil. Çünki inşa edilmiş “Star” neft emalı zavodunun potensialı o qədər böyükdür ki, geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzanacaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizliyinin təmin olunmasına gətirib çıxaracaq. Cənab Prezident bu böyük layihənin açılış mərasimində çıxış edərkən qeyd etdi ki, “Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Düşünürəm ki, cəmisi 4 ay bundan əvvəl TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin açılması Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biri kimi çıxış edir. Əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün örnəkdir. Təsadüfi deyil ki, cənab Prezident bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan Prezidenti tərəfindən atılan addımlar iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafı üçün də yeni mükəmməl şərtlər formalaşdırıb: “Bütün atılan addımlar isə birlik və bərabərliyimizin, o cümlədən strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsini təmin edib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə