Beynəlxalq Diaspor Mərkəzinin təşəbbüsü ilə “İğdır” bəyannaməsi imzalanıb

Beynəlxalq Diaspor Mərkəzinin təşəbbüsü ilə “İğdır” bəyannaməsi imzalanıb

11-15 dekabr 2010-cu il tarixlərində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti Qərbi Azərbaycan Türklərinin sonuncu deportasiyasının 22-ci ildönümü və müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü münasibətilə Türkiyə Cümhuriyyətinin İğdır vilayətində səfərdə olub. BDM-dən SİA-ya verilən xəbərə görə, xüsusi polis müşayiəti ilə şəhərə daxil olan nümayəndə heyəti İğdır şəhər rəhbərliyi tərəfindən hərarətlə qarşılanıb.

Azərbaycandan gedən nümayəndə heyəti ömrünü mühacirətdə keçirən və sovet imperiyasının hər cür zülmü ilə qarşılaşan Kərbəlayi İsmayılın qəbirüstü abidəsini ziyarət edib. Ziyarətdə Azərbaycandan gedən nümayəndə heyəti ilə yanaşı, qəbiristanlığın yerləşdiyi Taşburun bələdiyyə başqanı Nəsib Aksu, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının İqdır şəhər təşkilatının başqanı Cahit bəy, Azərbaycan konsulluğunun İğdır nümayəndəsi Rafiq bəy, Kərbəlayi İsmayılın yaxın qohumları və çoxsaylı yerli əhali iştirak edib. Taşburun bələdiyyə başqanının giriş nitqindən sonra BDM sədri İsmayıl Ağayev çıxış edərək nümayəndə heyətinin istiqanlılıqla qarşılanmasına görə, İğdır şəhər rəhbərliyinə və yerli əhaliyə təşəkkürünü bildirdikdən sonra Türkiyə-Azərbaycan münasibətlərinin bu günündən, gələcəyindən, Qərbi azərbaycanlıların deportasiya olunduğu tarixi mərhələlərdə iqdırlıların göstərdiyi fədakarlıqlarından, onların problemlərinə göstərdikləri qayğılardan danışıb və Kərbəlayi İsmayılın məzarının bərpa olunması haqqında məlumat verib.

Daha sonra Milli Məclisin deputatı, BDM Məşvərət Məclisinin sədri Gülər Əhmədova çıxış edib və Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf tempindən söz açıb. Nümayəndə heyətinin üzvlərindən şair, publisist, BDM-in Qarabağ Məsələləri üzrə Departament rəhbəri Ənvər Əhməd, fəlsəfə elmləri doktoru, BDM-in Qərbi Azərbaycan Departament rəhbəri Əziz Ələkbərli, şairə-publisist, BDM-in Mədəniyyət Departamentinin rəhbəri Nəsibə İsrafilqızı, siyasi elmlər doktoru, BDM sədrinin müşaviri Cümşüd Nuriyev, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya təmsilçisi Ələmdar Nəbiyev, Vedibasar mahalının ağsaqqalı Hacı Ağamir Ağa və digərlərinin çıxışları, uzun illərin ayrılıqlarından sonra görüşən bir el-obanın adamlarının gözlərində sevinc göz yaşları yaradıb.

Ziyarətin sonunda Taşburun bələdiyyəsinin sədri Nəsib Aksuya, Kərbəlayi İsmayılın qardaşı oğlu - Məhəmmədin oğlu Məhərrəmə Azərbaycandan aparılan müxtəlif hədiyyələr təqdim edilmiş, Əziz Ələkbərli tərəfindən Fərman Kərimlinin Ankarada nəşr olunan "Karlı Aşırım" kitabı Kərbəlayi İsmayılın qohumlarına hədiyyə edilib. Şairə Nəsibə İsrafilqızının Abbasqulu bəy Şadlinskiyə həsr etdiyi Abbasqulu bəy Şadlinski tarixi mənzum romanı da Taşburun bələdiyyə sədrinə hədiyyə olunub.

Ziyarətin sonunda ötən əsrin əvvəllərində Türkiyəyə köç edən Bəhlul Kərgablının da məzarı ziyarət edilib. Kərbəlayi İsmayılın qəbirüstü abidəsinin ziyarətindən sonra nümayəndə heyəti İqdırın Əlican bölgəsində yerləşən Əlican sərhəd keçid məntəqəsinə yollanaraq buradan Ermənistana hiddət dolu mesajlar göndəriblər.

Daha sonra nümayəndə heyəti Əlican sərhəd keçid məntəqəsindən birbaşa ermənilər tərəfindən qətlə yetirilən şəhid türklər muzeyinə gələrək, burada şəhid olan türk diplomatlar və ermənilərin törətdiyi toplu qətliamlar haqqında geniş sənədlərlə tanış olublar. Səfər proqramı çərçivəsində, Azərbaycan nümayəndə heyəti günün sonunda İğdır valisi tərəfindən qəbul edilib.

Vali ilə keçirilən görüşdə Türkiyə -Azərbaycan qardaşlığından strateji əməkdaşlıq istiqamətində görülən işlərdən söhbət açılıb. İğdır valisi tərəfindən Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvlərinə müasir Azərbaycanın qurucusu H. Əliyevin vəfatının 7-ci ildönümü ilə bağlı ehsan süfrəsi verilib. Bu tədbirin ən önəmli hadisəsi İğdır bəyannaməsi olub. 6 partiyanın və 23 qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən konfransda beynəlxalq təşkilatlarla yanaşı Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

 

Müraciətdə deyilir: Bu müraciətə imza atanlar olaraq biz – 1988-1989-cu illərdə indiki Ermənistandan zorla qovulmuş, deportasiya edilmiş 250.000-dən çox Azərbaycan Türkünün və müsəlman kürdlərinin hüquqlarının beynəlxalq müstəvidə bərpa edilməsini, həyata keçirilən deportasiya və soyqırım siyasətinə dövlət səviyyəsində hüquqi qiymət verilməsini, tarixi torpaqlarımıza dönmək və orada yaşamaq üçün beynəlxalq təhlükəsizliyin qurulmasını və Ermənistan ərazisində Azərbaycan Türklərinin toplu yaşadığı bölgələrdə "İrəvan Muxtar Respublikası"-nın qurulmasını, Xocalı Soyqırımının beynəlxalq müstəvidə tanınmasını, müxtəlif illərdə ata-baba yurdlarını tərk edən soydaşlarımıza dəymiş maddi və mənəvi ziyanın Ermənistan tərəfindən təzminat olaraq ödənilməsini, ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri yalançı soyqırım iddialarına son verilməsini tələb edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə