Elman Nəsirli: “Kimin nə düşünməsinə baxmayaraq, reallıq Azərbaycanın stabil bir ölkə olmasından ibarətdir“
Xəbər verildiyi kimi, Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyi 2011-2013-cü illərdə ölkə xaricindəki mülklərinin sığortası üçün tender elan edib. Sığorta əməliyyatları üçün dövlət büdcəsindən 16 milyon dollar ayrılıb. Tenderdə iştirak müddəti bir aylıqdır. Mülklərin təbii fəlakətlərlə yanaşı, terrorizm təhlükəsindən də sığortası nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyinə görə, İspaniya, Kipr, Makedoniya, Serbiya, Çernoqorya, Türkiyə, Azərbaycan, Gürcüstan Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan terrorizm təhlükəsi olduğu ölkələr sırasındadır.
Politoloq Elman Nəsirli hesab edir ki, Rusiyanın belə bir addım atmasında prinsip etibarilə anlaşılmaz bir addım yoxdur. SİA-ya açıqlamasında o, bildirib ki, terrorizm XXI əsrin bəlası hesab edildiyindən və bütün dünya qüvvələrini bu bəlaya qarşı mübarizədə birləşdirdiyindən RF-nin bu addımı qabaqlayıcı addım kimi qiymətləndirilə bilər.
Terrorizm təhlükəsi olan ölkələr arasında Azərbaycanın adının çəkilməsinə gəlincə, E.Nəsirli bunu Rusiyanın hakim dairələrinin mövqeyi ilə əlaqələndirib: "Rusiyanın hakim dairələrində əvvəllər belə bir tendensiya daha güclü idi ki, terror aktlarında şübhəli bilinən çeçenlər qonşu respublikalarda özünə sığınacaq tapırlar. Ən yaxşı halda Azərbaycanın adını çəkməsələr də, "qonşu respublika" ifadəsi altında ölkəmiz də nəzərdə tutulurdu. Düzdür, bu ittihamlar prezident, baş nazir və yaxud ölkənin yüksək rütbəli rəsmiləri adından səslənməsə də, hər halda hakimiyyətə yaxın informasiya mənbələrində belə fikirlərə rast gəlinir. Belə bir məntiqlə də, həmin siyahının tərtibində Azərbaycanın adı salınıb".
E.Nəsirli vurğulayıb ki, kimin nə düşünməsinə baxmayaraq, reallıq Azərbaycanın stabil bir ölkə olmasından ibarətdir: "Azərbaycanda terrorizmə qarşı ciddi addımlar atılıb. Xüsusi xidmət orqanları bu sahədə xeyli iş görüb. Azərbaycan terrorizmə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın ən fəal üzvlərindən biridir. Azərbaycan sülhməramlılarının Əfqanıstan və İraqdakı fəaliyyəti buna nümunədir. Ölkəmiz eyni zamanda özü terrordan əziyyət çəkir, Ermənistanın dövlət terrorunun hədəfiyik. Terrorun nə qədər təhlükəli olduğunu hamıdan yaxşı dərk edirik. Hesab etmirəm ki, Rusiya Azərbaycanın özü ilə bağlı olan hansısa təhlükə gözləyir. Burada müxtəlif gizli yollarla ölkə ərazisinə daxil olmuş, lakin Azərbaycanın axtarışında olan müəyyən qüvvələrin nəzərdə tutulması mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB