Anar Qədirli: “İmamın 3-ü, 7-i və 40-da da qanvermə aksiyası davam etdiriləcək”

Anar Qədirli: “İmamın 3-ü, 7-i və 40-da da qanvermə aksiyası davam etdiriləcək”
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Bakı şəhərində yerləşən beş məsciddə və Elmi-tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutuna məxsus qan bankında qanvermə aksiyası təşkil olunub. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, bundan əlavə Azərbaycanın 8 rayonunda -qan bankının regional nümayəndəliyinin olduğu yerlərdə də qanvermə aksiyaları təşkil olunub. Onun sözlərinə görə, bütün tədarük olunan qanlar hemofiliya, talassemiya və qana ehtiyacı olan bütün xəstələr üçün nəzərdə tutulub. O bildirib ki, Bakıda nazirliyin 6 qrup həkimi fəaliyyət göstərir: "Bunlar regionda isə 8 qrupdur. İnsanların axını böyükdür və bu ilbəil daha da artır. Hazırda Təzəpir məscidində artıq 200 nəfərdən çox insan qanvermədə iştirak edib. Biz günün sonuna qədər bu rəqəmin 2-3 min olacağını nəzərdə tuturuq".
Anar Qədirli onu da əlavə edib ki, Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinə təklif irəli sürüb. Onun sözlərinə görə, təklifdə bildirilir ki, imamın 3-də, 7-də və 40-da qanvermə aksiyaları davam etdirilsin: "Artıq bununla bağlı bütün məsələlər həll olunub, insanlar bu haqda məlumatlıdırlar. İmamın 3-ü, 7-i və 40-da qan vermək istəyən hər bir kəs qan bankına və nazirliyin səyyar briqadasına müraciət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə