"Azərbaycanda “quş qripi”nə təsadüf olunmayıb"

"Azərbaycanda “quş qripi”nə təsadüf olunmayıb"

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) ölkədə çöl və ev quşlarından götürülən qan nümunələrində "quş qripi" xəstəliyinin törədicisi tapılmayıb. Baytarlıq Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, noyabrın 29-dan "quş qripi" xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 46 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1815 baş ev quşunun qan nümunələri, eləcə də 98 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Hərtərəfli monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Xatırladırıq ki, "quş qripi" xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də "Ovçular və balıqçılar" Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Qeyd edək ki, "Quş qripi" xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin dekabrın 20-də başlanması nəzərdə tutulur. Hazırda "quş qripi" xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə