Fransa Beynəlxalq Frankofoniya Təşkilatından öz maraqları naminə istifadə edir
Təhlükəsizliyə, əmin-amanlığa, insan haqq və hüquqlarının müdafiəsinə, iqtisadi, mədəni əməkdaşlığa xidmət edən beynəlxalq tədbirlər yalnız təqdirə layiqdir. Yetər ki, həmin beynəlxalq tədbirlər həqiqəti əks etdirsin, həqiqətən də sadalanan dəyərlərə, insanlığa xidmət etsin. Bu baxımdan XVII Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitini təqdirəlayiq hesab etmək olmaz. Çünki, bu sammitdə qeyd olunan prinsplərin biri də nəzərə alınmadı.
Ermənistanda keçirilən Frankofoniya sammiti saxta "erməni soyqırımı" müzakirələri səbəbindən daha çox uğursuzluğu ilə yadda qaldı. Bu uğursuzluğu əvvəlcədən proqnozlaşdıranlar da haqlı idilər. Çünki, Frankofoniya sammitinə Ermənistanın zərrə qədər aidiyyatı belə ola bilməzdi. Əvvəla, Ermənistanın Fransız dili ilə nə əlaqəsi var idi ki, Fransız dillilərin sammiti, Frankofoniya sammiti bu ölkədə keçirilirdi? Digər tərəfdən işğalçı ölkədə təhlükəsizlik, əmin-amanlıq, haqq və hüquqlar necə müzakirə mövzusuna çevrilə bilər?
Frankofoniyanın keçmiş baş katib təşkilatın dəyərlərə xəyanət etdiyini etiraf edir
Sammitin məhz Ermənistanda keçirilməsi təsdiq etdi ki, Frankofoniya beynəlxalq səhnədə çox yersiz və icitmai yükü olmayan bir təşkilatdır. Bir sözlə bu təşkilat öz sammitini Ermənistanda keçirməklə, ermənilərin uydurduğu soyqırımdan danışmaqla öz olmayan nüfuzunu bir az da heçə endirdi. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri olan Fransanın Frankofoniyanın himayədarı kimi belə bir addımı onun özünü dünya ictimaiyyətinin gözündə çox aşağı saldı. Təşkilatın saxtakarlığına artıq zərrə qədər də şübhə yeri qalmadı. Hətta təşkilatın keçmiş baş katibi Mişel Jan özünün “Twitter”səhifəsində belə etiraf edir ki, bu təşkilat dəyər və prinsipləri saxtalaşdırdığından artıq ölüyə çevirilib. Dəyərlərə və prinsplərə xəyanət edən bir təşkilatın artıq ölümcül halda olduğunu bildirən keçmiş baş katib təşkilatın dəyərlərə xəyanət etdiyini etiraf edir. Xəyanətkar bir təşkilatdan, ələlxüsus, saxtakarlığı bayraq edən qurumdan, onun sammitindən ermənilər nə isə uma bilər, amma dünya ictimaiyyəti üçün artıq bu təşkilatın, onun qərarlarının zərrə qədər dəyəri, mahiyyəti ola bilməz.
Sammit zamanı dəyərlərin və prinsplərin ön plana çəkilməsi əvəzinə Fransa prezidenti Emmanuel Makronla Mişel Jan arasındakı qarşıdurmalar isə bir çox məqamlara aydınlıq gətirir və bəlli olur ki, qarşıdurma heç də bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi, hakimiyyət bölgüsü üstündə idi. Bu ambisiyaların toqquşmasından başqa bir şey deyildi. Tam aydın şəkildə görünür ki, Fransa BFT-dən öz maraqları naminə istifadə edir və indi Kanadanın baş naziri Mişel Jan Fransaya heç sərf etmir. Məhz bu səbəbdən də dəyərlər, prinsplər deyil, onun kənarlaşması sammitin prioritet məsələsinə çevrildi. Fransa buna nail oldu da. Ruandada 1994-cü ildə soyqırımı həyata keçirmiş dəstələrin rəhbərlərinin məhz Fransa tərəfindən dəstəklənməsi, Hutu-Tutsi qarşıdurması nəticəsində 800 min günahsız insanın öldürülməsi hadisəsinin reallaşdığı həmin ölkəyə Fransanın keçmiş prezidenti Nikol Sarkozinin səfəri zamanı öz ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa, etiraf etməsi faktları, indi isə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləməsi bunu deməyə əsas verir ki, Fransa yalnız öz maraqlarını güdür. Ruandada 2008-ci ildən sonra Birləşmiş Krallıq ilə heç bir bağlılığı, əlaqəsi olmadığı halda fransız dilinin yerinə ingilis dilinin rəsmi təhsil dili elan edilməsi faktlarının fonunda fransız dili amili üzərində qurulan Frankofoniya təşkilatına Ruandanın xarici işlər naziri Luiz Muşikivabonun namizədliyi Fransa, onun prezidenti tərəfindən dəstəklənirsə deməli, Fransa üçün Ruandada təhsil dili olaraq fransız dilinin ingilis dilinə dəyişdirilməsi zərrə qədər maraq kəsb etmir. Necə ki, Fransa mətbuatı Mişel Janın təşkilatın vəsaitlərini şəxsi məqsədləri üçün mənimsədiyini yazdığı halda, belə bir saxtakarın bu vaxta qədər təşkilata rəhbərlik etməsi Fransa üçün əhəmiyyətli deyildi.
Saxtakarlar özləri də erməni saxtakarlığına məruz qalaraq sonda erməni mahnısı kimi təqdim edilən Azərbaycan havasına oynadılar
Ermənistanı sammit üçün məkan seçən Frankofoniya təşkilatı, daha doğrusu Fransa fransız dili amilinə yenə də məhəl qoymadı və təsdiq etdi ki, bu təşkilat yalnız öz maraqlarına xidmət edir. Bu maraqların episentrində isə sözsüz ki, erməni lobbisi, ermənipərəst qüvvələr durur ki, onların da maraqları görünür ki, Fransanın maraqları ilə üst-üstə düşür. Yəqin ki, şər iblisi Soros kimi donorların şər yuvası Ermənistana maraqları və maliyyələşdirməsi fonunda Fransanın da maraqlarını başa düşmək olar. İndi ermənilərin də məhz Fransa tərəfdarı olduğu anlaşılandır və əslən Kanadadan olan Mişel Janın təşkilatın rəhbərliyindən uzaqlaşdırılması fonunda Kanadanın baş naziri Jastin Tidonun bu işğalçı ölkəyə səfəri də sözsüz ki, Ermənistanı özünə tərəf çəkmək məqsədi daşıyır.
Amma nə Fransanı, nə də Ermənistanı öz maraqlarından savayı heç nə özünə cəlb edə bilməz və əslində mövqeləri də üst-üstə düşür. Məsələn, işğalçı dövlət kimi Fransa da Əlcəzairi 1830-cu ildən 1962-ci ilə qədər, yəni düz 132 il öz işğalı, əsarəti altında saxlayıb və Fransa ordusunun 1954-cü ildən 1962-ci ilə qədər Əlcəzairdə torətdiyi soyqırımlar da dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Necə ola bilər ki, bu boyda soyqırımlara imza atan Fransa, indi Ermənistana təhlükəsizlik, əmin-amanlıq, insan haqq və hüquqlarının müdafiəsi dərsi keçsin? Heç kimə sirr deyil ki, Frankofoniya sammiti adlı oyunun köməyi ilə Fransa Ermənistan vasitəsi ilə Cənub Qafqazda öz iştirtakını gücləndirmək niyyətindədir. Elə buna görə də sammitin sonunda Ermənistanın çaldığı havaya Nikol Paşinyanla birlikdə bütün Frankofoniya iştirakçıları oynayırdı. Amma bir məsələni unudurlar ki, Dağlıq Qarabağ kimi, oynadıqları hava da Azərbaycan mahnısı idi və ermənilər bunu da onlara erməni havası kimi sırıyırdılar. Hər iki dövlətin saxtakarlığı sonda özünü tam aydın şəkildə biruzə verdi və saxtakar sammit iştirakçıları məntiqi nəticə olaraq erməni saxtakarlığına məruz qalaraq sonda erməni mahnısı kimi təqdim edilən, “Duy-duy”, “Xurcunu”, “Köçəri” və “Basqalı” kimi Azərbaycan havalarına oynadılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB