Hüquq müdafiəçisi: “ATƏT nümayəndəsinin əmr şəklində danışması Azərbaycan üçün təhqirdir”-MÜNASİBƏT

Hüquq müdafiəçisi: “ATƏT nümayəndəsinin əmr şəklində danışması Azərbaycan üçün təhqirdir”-MÜNASİBƏT
"Diffamasiya haqqında" qanun layihəsi lazımsız bir layihədir. Bu sözləri SİA-ya hüquq müdafiəçisi Taisiya Qordiyeva açıqlamasında deyib. O bildirib ki, Azərbaycan vətəndaşları üçün daha lazımlı qanunlar var ki, onların qəbuluna ehtiyac var. "Diffamasiya" sözünün mənasının araşdıran hüquq müdafiəçisi söyləyib ki, mənası rüsvayçılıq olan qanun layihəsi ölkəmizə yaraşmayan bir layihədir.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Myatoviçin qanun layihəsinin ölkəmizdə qəbul olunacağı ilə bağlı söylədiyi fikirlərə toxunan hüquq müdafiəçisi bu açıqlamadan hiddətləndiyini dilə gətirib. Onun sözlərinə görə, ATƏT nümayəndəsinin əmr şəklində "Azərbaycanda Diffomasiya haqqında qanun qəbul olunacaq" söyləməsi ölkəmiz üçün təhqirdir.

"Ən çox təsir edən məqam isə Dunya Myatoviçin Ermənistanın yaxın günlərdə bu qanunu qəbul edib deməsidir. Əgər Ermənistan qəbul edibsə onda biz bu qanundan kənara qaça bilmərik? Mənə elə gəlir ki, onun bu cür sözlər söyləməsi Azərbaycan üçün təhqirdir. Ona görə də mən belə düşünürəm ki, Milli Məclis müəyyən qrup üçün nəzərdə tutulan qanun layihəsini qəbul etməyəcək. Qanunverici orqan vətəndaşların hüquqlarını qoruyan qanunlar qəbul edir. Ona görə də bu qanun lazımsız bir qanundur. Ümumiyyətlə, ATƏT-in islahata ehtiyacı var. Onun fəaliyyətinə nəzər yetirmək lazımdır".

Qeyd edək ki, "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ilə ATƏT-in Bakı Ofisinin dəstəyi ilə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə