Elmar Məmmədyarov Cənubi Koreyanın baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Cənubi Koreyanın baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Kim Hvanq-Şiklə görüş keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən münasibətlərin cari vəziyyəti müzakirə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

E. Məmmədyarov Koreyanın iqtisadiyyatın bir sıra sahələrində əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin zəruriliyini bildirərək Azərbaycanı 2011-2013-cü illərdə prioritet tərəfdaş kimi seçdiyinə görə Koreya tərəfinə təşəkkür edib. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi və Azərbaycanın mövqeyi barədə baş nazirə ətraflı məlumat verib.

E. Məmmədyarov Azərbaycan-Koreya parlamentlərarası dostluq qrupunun sədri So Byong-Su və Koreya parlamentinin Xarici əlaqələr, ticarət və unifikasiya komitəsinin sədri Nam Kyung Pil ilə də görüşüb.

Səfər çərçivəsində nazir Koreyanın "Yonhap" informasiya agentliyi, "Korean herald " qəzeti və "Arirang" televiziya kanalına müsahibələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə