Bahar Muradova: “ATƏT-in fakt-araşdırıcı missiyasından obyektiv hesabat gözləyirik” - MÖVQE

Bahar Muradova: “ATƏT-in fakt-araşdırıcı missiyasından obyektiv hesabat gözləyirik” - MÖVQE

"ATƏT-in fakt-araşdırıcı missiyası beş il əvvəl də bölgədə olmuşdu və hazırladığı hesabatda Dağlıq Qarabağdakı vəziyyət müəyyən mənada öz əksini tapmışdı". SİA-nın məlumatına görə, bu sözləri deyən Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında ATƏT-in fakt-araşdırıcı missiyasından obyektiv hesabat gözlədiklərini bildirib.

 

Beş il əvvəlki hesabatda ermənilərin vandal hərəkətlərinin əksini tapdığını söyləyən millət vəkili ötən müddət ərzində ermənilərin vandal hərəkətlərinin daha da genişləndiyini ifadə edib: "İşğal olunmuş ərazidə olan Azərbaycanın milli mədəniyyət abidələri daha çox dağıdılıb. Orada azərbaycanlıların yaşadıqlarını sübut edən, həmin şəhərlərin Azərbaycan şəhərləri olduğunu göstərən daha çox fakt aradan qaldırılıb. Düşünürəm ki, bu dəfəki hesabat daha geniş və bu məsələləri özündə əks etdirən zəngin materiallara əsaslanmalıdır. Materiallar var və ərazini yaxşı gəziblərsə faktlar hesabatda əksini tapmalıdır. Hesabatda əks olunacaq faktlar bizim beynəlxalq ictimaiyyətə təqdim etdiyimiz faktlara əlavə ola bilər. Bu dünya ictimaiyyətinə erməni vəhşiliyin bir daha çatdırılması baxımından da əhəmiyyətli hesab edilə bilər. Bu hesabat beynəlxalq təşkilatların ictinad ediləsi bir sənəd baxımından da əhəmiyyət kəsb edər".

 

B.Muradova qeyd edib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı gözləntilərinin çox olmasına baxmayaraq, Astana sammiti kimi toplantılarda bu gözləntilər özünü doğrultmur. O, ATƏT-in münaqişələrin həllində heç də imkanlarına görə, hərəkət etmədiyini vurğulayıb: "Deməzdim ki, təşkilatın imkanları azdır və ya yoxdur. Mövcud imkanlardan səmərəli istifadə etsələr Ermənistanı və bu mövqedə olan digər ölkələri qanunlara əməl etməyə cəlb etmək olar. Sadəcə beynəlxalq təşkilatın mövqeyini müəyyənləşdirənlər buna hələlik ciddi ehtiyac duymurlar. Təssüf ki, ATƏT beynəlxalq bir təşkilat olaraq nüfuzuna ciddi zərbə vurur".

Bütün xəbərlər Facebook səhifəmizdə