Təhsil Nazirliyi illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcək

Təhsil Nazirliyi illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcək
Təhsil Nazirliyi dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, dövlət sifarişli ixtisaslarda təhsil haqqı yüksək olmalıdır: "Çünki dövlət sifarişi ilə daxil olan tələbə eyni zamanda təqaüd alacaq. Ona görə də insanlarda dövlət sifarişli ixtisaslara maraq olmalıdır. Həm də ali məktəbdə də maraq olmalıdır, çünki ona dövlət sifarişi ilə gələnlərin sayı çox olduqca onun əldə etdiyi gəlirlər də çox olacaq. Ödənişlərin qaldırılması ilə bağlı məsələyə Tarif Şurası baxacaq. Biz də dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcəyik".

Nazir qeyd edib ki, ali məktəblərin maliyyələşdirmə mexanizmində iştirakı könüllülük prinsipi ilə həyata keçirilir. Onun sözlərinə görə, ola bilər ki, bəzi ali məktəblər bu prosesdə iştirak etsin, bəziləri isə iştirak etməsin.

"Bu ondan asılıdır ki, biz bu işi Azərbaycan hökuməti olaraq necə aparacağıq? Universitetlərin bu işə marağı olsa və yaxud digərləri görsə ki, iştirak edən universitetlər bu yarışda iştirak etməklə udurlar, onda hamı bu işə qoşulacaq. Əks təqdirdə isə bu prosesə heç kimin marağı olmayacaq. Yəni, burada məcburiyyət prinsipi yoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə