Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə heyətinin illik iclası keçirilib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə heyətinin illik iclası keçirilib

Dekabrın 11-də Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin illik iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi və iştirakı ilə keçirilən toplantıda bu ölkədəki diasporumuzun təşkilatlanması məsələləri müzakirə olunub.

İclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin I katibi Fikrət Axundov, Almaniya Bundestaqın keçmiş üzvü Hakki Kəskin, AKKM idarə heyətinin üzvləri-AAK-in prezidenti Başar Kömür, AAK-in fəxri prezidenti Bahəttin Kaya, qurumun icraçı direktoru xanım Samirə Patzer-İsmayılova, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İskəndərova, Azərbaycan Federasiyasının sədri Nüsrət Delbaste, Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Ehrari iştirak ediblər.

Toplantıda ilk çıxş edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov AAKM-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.

Sonra AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova AAKM-nin 2 illik fəaliyyət haqqında hesabatla çıxış edib. Hesabatı müzakirə edən idarə heyətinin üzvləri müxtəlif təkliflər irəli sürüb, sənədi müsbət qiymətləndirərək qəbul ediblər. Sonra gündəlikdəki digər məsələyə-AAKM-nin idarə heyətinin buraxılıb yenidən formalaşdırlması müzakirə olunub. İdarə heyətinin təzə tərkibi səsvermə yolu ilə yenidən seçilib və buraya 3 yeni üzv əlavə olunub:

Almaniya Bundestaqının keçmiş üzvü Hakki Kəskin, Azərbaycan Kültür Cəmiyyətinin üzvü, alman dili üzrə mütəxəssis Naiba Hantel, Alman-Azərbaycan Forumunun üzvü, hüqüqşünas Pərviz Yazdani. İclas Almaniyada fəaliyyət göstərən Azərbaycan icmalarının sədrləri və diasporumuzun fəallarının iştirakı ilə davam edib.

Səfir Pərviz Şahbazov bir daha AAKM-nin fəaliyyətini yüksək dəyərləndirdiyini deyərək Almaniyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai həyatına dərindən inteqrasiya olmalarının labüdlüyünü vurğulayıb və bütün iştirakçıları Koordinasiya Şurasının üzvü olmağa dəvət edib. Drezdendə fəaliyyət göstərən "ALM.AZ" cəmiyyətinin sədri Ağa Hüseyn Babayev qurumun Azərbaycan, xüsusilə də Qarabağ həqiqətlərini əks etdirən materialların ictimai kitabxanalara paylanması, milli bayramların və qan yaddaşımızla bağlı tədbirlərinin mütəmadi qeyd olunması haqda qısa hesabat verib.

Sonra 2011-ci il üçün tədbirlər planı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə