Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Koreya Respublikasına rəsmi səfəri çərçivəsində bu gün 14 dekabr tarixində həmkarı, Koreya Respublikasının xarici işlər və ticarət naziri Kim Sunq-hvan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətləri yüksək qiymətləndirərək, əlaqələrin inkişaf potensiyalının mövcud vəziyyətdən daha geniş olduğunu və onların inkişafı üçün münbit şəraitin olduğunu qeyd ediblər.
Nazir E.Məmmədyarov ölkəsinin Şərqi Asiya regionunun inkişaf edən dövlətlərindən biri kimi Koreya Respublikası ilə əlaqələrinin hərtərəfli genişlənməsinə xüsusi önəm verdiyini vurğulayaraq bunun üçün həm dövlət nümayəndələrinin həm də elm, mədəniyyət və iş adamlarının qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Fürsətdən istifadə edərək E.Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət edib.
Cavab olaraq koreyalı nazir dəvəti minnətdarlıqla qəbul etdiyini deyib. Ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək templə inkişaf etdiyini, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu bildirərək, Azərbaycanın 2011-2013-cü illərdə Koreya üçün prioritet tərəfdaş kimi müəyyən edildiyini söyləyib.
Görüş zamanı E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesinin son durumu barədə koreyalı həmkarına ətraflı məlumat verərək, ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini nəzərdə tutan mövqeyini səsləndirib.
Öz növbəsində koreyalı nazir Kim Sunq-hvan son zamanlar regionda cərəyan edən proseslər barədə ətraflı məlumat verərək, Koreya Xalq Demokratik Respublikası ilə münasibətlərin son durumu barədə danışıb.
Həmçinin görüşdə humanitar sahədə də əlaqələrin genişləndirilməsinin vacibliyi bildirilərək bu xüsusda AR-in Diplomatik Akademiyası və KR-in Xarici İşlər və Milli Təhlükəsizlik İnstitutu (The Institute of Foreign Affairs and National Security) arasında qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin zəruriliyi ifadə edilib.
Sonra tərəflər bir sıra regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB