Elman Məmmədov: “Biz Rusiya Dövlət Dumasına öz etirazımızı bildirməliyik" ÖZƏL-ŞƏRH

Elman Məmmədov: “Biz Rusiya Dövlət Dumasına öz etirazımızı bildirməliyik" ÖZƏL-ŞƏRH

“Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin mənşəyi və kimliyi məlumdur. Ümumiyyətlə o özünün siyasi fəaliyyəti dövründə 10-15 ildən çox bir müddətdir ki, həmişə Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edir. O bir növ ermənipərəstliyi ilə seçilir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Rusiya böyük və çoxmilyonlu dövlətdir: “Rusiyada çoxsaylı müxtəlif cəmiyyətlər, təşkilatlar, partiyalar fəaliyyət göstərir. Zatulin kimiləri Rusiyada çoxdur. Eyni zamanda Rusiyada uzun illərdir ki, bu ölkənin siyasətində, mediasında və s. güclü kök salmış erməni qruplaşmaları, diasporu, lobbisi var. Təbii ki, bunların imkanları, əlaqələri də böyükdür. Zatulin və Zatulin kimilər orada erməni mafiasının, erməni pulunun hesabına danışanlardır. Ancaq biz məsələyə düzgün qiymət verməliyik. Zatulin və onun kimilərə görə biz Rusiya ilə olan münasibətlərimizə kölgə salınmasını arzu etmək istəmirik. Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə yüksək xətt üzrə inkişaf edir. Bu əlaqələrimiz getdikcə də daha da yaxınlaşır və əməkdaşlığımız genişlənir.

Bunu elə son dövrlərdə cənab Prezidentin Rusiyaya səfəri zamanı görüşlərdə səslənən fikirlər, imzalanan sənədlər, eləcə də Rusiya prezidentinin Azərbaycana səfəri zamanı verilən bəyanatlar, xoşməramlı fikirlər sübut edir. Hesab edirəm ki, Zatulin və onun kimi ünsürlərin fikirləri Rusiya hakimiyyətinə Rusiyada olan rəhbərliyin siyasi hakimiyyəti fikri deyil. Ona görə də biz bu məsələlərdən düzgün nəticə çıxarmalıyıq. Düşünürəm ki, Azərbaycan parlament, Xarici İşlər Nazirliyi və yüksək rəsmi dairələr səviyyəsində Rusiya Dövlət Dumasına biz öz etirazımızı bildirməliyik. Çünki bu ünsür özünün deputat mandatından istifadə edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə