Müxalifət “Xalq Məclisi” ideyasını həyata keçirməkdə israrlı görünür

Müxalifət “Xalq Məclisi” ideyasını həyata keçirməkdə israrlı görünür

Bu gün Müsavat Partiyasının qərargahında 7 noyabr parlament seçkisində namizəd olmuş şəxslərin forumu keçirilib. SİA-nın məlumatına görə, forumda seçkidə qeydə alınan və alınmayan namizədlər, siyasi partiyalar, media quruluşları və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, hüquq müdafiəçiləri iştirak edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavatın təşəbbüsü ilə keçirilən forumda gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

 

Forumun keçirilməsində məqsədin cəmiyyətin daha geniş spektrini hakimiyyətə qarşı mübarizəyə cəlb etmək olduğunu deyən Müsavat başqanı İsa Qəmbər bildirib ki, məqsəd siyasi hakimiyyətə alternativ ictimai-siyasi qüvvələrin bir mərkəzdə təmərküzləşməsinə nail olmaq, siyasi müxalifətlə vətəndaş cəmiyyəti arasında birgə fəaliyyət mexanizminin yaradılmasıdır.

"Bugünkü forum 80-ci illərdəki toplantılarımızı xatırladır", - deyən Müsavat başqanı bildirib ki, bu cür toplantılarla Azərbaycanın müstəqilliyi əldə olunsa da, ölkənin ərazi bütövlüyünü bərpa etmək hələ ki, mümkün olmayıb. İ.Qəmbər 14 dekabr tarixinin Azərbaycan tarixinə yazılacaq bir gün olacağına inandığını qeyd edib. O, forumun yalnız seçkidə iştirak etmiş namizədlərin yox, cəmiyyətin müxtəlif nümayəndələrinin iştirakı ilə keçirilməsi baxımından faydalı olacağını vurğulayıb.

 

AXCP-nin sədri Əli Kərimli bildirib ki, müxalifət birlikdə olmaqla geniş layihələr həyata keçirə bilər: "Konstitusiyanın bizə verdiyi imkandan istifadə edərək 300 min imza toplaya və Konstitusiyaya dəyişikliklər təklif edə bilərik. Yaxud, 40 min imza toplamaqla seçki islahatı paketinin təşəbbüskarı kimi çıxış edə bilərik. Lakin bunun üçün bütün demokratik qüvvələr bir yerdə olması vacibdir".

 

Forumda Xalq Məclisi ideyasının yaradılması istiqamətində müzakirələr aparılıb. İdeyanı namizədlərin birinci ümumrespublika forumunda irəli sürən AXP lideri, sabiq deputat Pənah Hüseyn Xalq Məclisinin yaradılması ilə bağlı konkret təkliflərini irəli sürüb. O, qeyd edib ki, bu məsələ uzadılmamalı və Xalq Məclisinin yaradılması istiqamətində konkret qərarlar qəbul edilməlidir. P.Hüseyn söyləyib ki, Xalq Məclisi ilə bağlı bəyanatı imzalayanlar təsisçi kimi çıxış edəcəklər.

 

Forumda həmçinin, seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasına göndəriləcək müraciət oxunub. Daha sonra müraciətlə bağlı fikirlər səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə