Aydın Mirzəzadə: “Müxalifət parlamentə düşə bilmədiyindən özünə təsəlli vermək üçün Xalq Məclisi təklifi ilə çıxış edir”-Açıqlama
"Müxalifət cəzbedici görünən təkliflərlə çıxış etməyə həmişə maraqlıdır". SİA-ya bu sözləri millət vəkili Aydın Mirzəzadə uzun müddətdir ki, AXCP-Müsavat düşərgəsində müzakirə olunan Xalq Məclisi ideyasına münasibət bildirərkən deyib.
Bir qayda olaraq həmin təkliflərin həyata keçirilmə mexanizminin mövcud olmadığını dilə gətirən A.Mirzəzadə bildirib ki, bir müddətdən sonra özlərinin həmin təkliflərə marağı ölür: "Onlari sadəcə olaraq bir qədər vaxt ərzində cəmiyyətin diqqətində qalmaq maraqlandırır. Hesab edirəm ki, müxalifətin verdiyi təkliflərə sosial sifariş yoxdur. Cəmiyyət maraqlı deyil, bu məsələdə cəmiyyətin maraqlarını, istəklərini öyrənmirlər. Deyərdim ki, heç öyrənməyə də maraqlı deyillər".
Bu kimi təkliflərin heç də birinci olmadığını söyləyən A.Mirzəzadə müxalifətin 1998-1999-cu illərdə Respublika Ağsaqqallar Məclisi ideyası ilə çıxış etdiyini vurğulayıb. Həmin təşəbbüsün də səsləndiyi kimi qaldığını qeyd edən millət vəkili bildirib Xalq Məclisi ideyası da bir müdətdən sonra aktuallığını itirəcək: "Yada salım ki, müxalifət bir vaxtlar Demokratik Konqres deyilən bir təşkilatda birləşirdi. Bir iki iclasdan sonra liderlər Konqresin tədbirlərinə qatılmadılar, nəinki üzvləri. Parlament seçkilərindən sonra bu cür təklifləri yəqin ki, biz çox eşidəcəyik. Fikir verin, bir ay ərzində iki dəfə fikirlərini dəyişiblər. Əvvəl alternativ parlament, daha sonra Xalq Məclisi ideyasını ortaya atdılar, bir qədər keçəndən sonra tamam başqa bir ideya ilə gündəmə gələcəklər. Müxalifətin cəmiyyətlə əlaqələri çox zəifdir, cəmiyyətin ab-havası ilə yaşamırlar. Səslənən təkliflərin də, ideyaların da heç bir kökü yoxdur".
Xalq Məclisinin elə parlament olduğunu söyləyən A.Mirzəzadə hesab edir ki, müxalifət parlamentə düşə bilmədiyindən özünə təsəlli vermək üçün belə bir təkliflə çıxış edir: "Bütün ölkələrdə Xalq Məclisi kimi parlament var. Xalqın seçdiyi nümayəndələrin təmsil olunduğu parlament var. Məgər parlament bir neçə iddialı müxalif partiyadan ibarət olmalıdırmı? Bu gün parlamentdə müxalifət düşüncəli insanlar da, müxalifət partiyaları da var. Kimlərsə xalqın adından danışmaq istəyirsə, xalqın içində olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB