Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 2-ci iclasında iştirak edib

Mahmud Məmmədquliyev Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 2-ci iclasında iştirak edib

Dekabrın 13-də Brüsseldə Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin 2-ci iclası keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

İclasda Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Sərmayə Bankı, Avropa İttifaqının Regionlar Komitəsi və İqtisadi və Sosial Komitəsi, həmçinin Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri iştirak ediblər. İclasa sədrliyi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Ketrin Eşton edib.

İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, son 1 il ərzində bu çərçivədə həyata keçirilmiş tədbirlər və gələcək planlar və layihələr barədə fikir mübadiləsi aparıblar.

Avropa İttifaqı ilə Tərəfdaş ölkələr arasında münasibətlərin dərinləşməsində və güclənməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində və Tərəfdaş ölkələrdə siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində Şərq Tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanıb.

Şərq Tərəfdaşlığının ikitərəfli və çoxtərəfli ölçülər çərçivəsində hər bir tərəfdaş ölkə ilə əldə olunmuş nəticələrin təhlili aparılıb. Məruzəçilər öz çıxışlarında Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətin sözlərdən konkret layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsi mərhələsinə keçməyin vacibliyini vurğulayıb.

Şərq Tərəfdaşlığı çərçivəsində layihələrin uğurla həyata keçirilməsi üçün təhlükəsizlik problemlərinin, mövcud olan münaqişələrin tezliklə həllinin əhəmiyyəti qeyd olunub. Regional əməkdaşlığın siyasi şəraitin imkan verdiyi hallarda həyata keçirilməsinin mümkünlüyü bildirilib. Enerji layihələri, xüsusilə də Cənub Dəhlizi çərçivəsində layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacağı bildirilib.

İclas zamanı Avropa İttifaqı ölkələri ilə viza asanlaşdırılmasının vacibliyini qeyd olunmuş və Avropa İttifaqının bu sahədə ciddi addımlar atması üçün çağırışlar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə