Hərbi ekspert: “Görüş danışıqlarda dönüş nöqtəsi sayıla bilər” ÖZƏL-MÖVQE

Hərbi ekspert: “Görüş danışıqlarda dönüş nöqtəsi sayıla bilər” ÖZƏL-MÖVQE

“Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş danışıqlarda dönüş nöqtəsi sayıla bilər”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, böyük təzyiqlərdən, Azərbaycanın tutduğu mövqedən sonra, cənab Prezident İlham Əliyevin Ermənistana ünvanladığı mesajlardan sonra təbii ki, Paşinyan artıq məcbur oldu ki, danışıqlar masasına otursun: “Hətta bu görüşdən sonra Paşinyan özünəməxsus şəkildə Azərbaycan Prezidenti haqqında bir neçə müsbət ifadələr söylədi. Təbii ki, bu haqda da mətbuatda yazılar dərc edildi. Paşinyan bu danışıqlara öz xoşu ilə deyil, Azərbaycanın sərt mövqeyi və xəbərdarlıqlarının nəticəsi olaraq, eləcə də beynəlxalq qurumların müəyyən çağırışları nəticəsində danışıqlara getməyə məcbur oldu. Düşünürəm ki, bu danışıqların özü belə onu göstərir ki, artıq Paşinyanın Qarabağ məsələsində müəyyən bir şəkildə fikri dönsün.

Ermənistanın yürütdüyü siyasət heç zaman müstəqil olmayıb. Onlar həmişə hakimiyyəti itirmək durumunda olanda Qarabağ faktorundan istifadə edirlər. Azərbaycan Silahlı Qüvvlərinin bugünkü vəziyyəti, ölkəmizin iqtisadi durumu, Azərbaycanın beynəlxalq geosiyasi arenada tutduğu mövqe bu gün Paşinyanı məcbur etdi ki, masa arxasında otursun və artıq Qarabağla bağlı danışıqlarda dönüş yaransın. Düşünürəm ki, bunun davamı olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə