Ermənistan oktyabr görüşünə hazırlaşırmı? AÇIQLAMA-ÖZƏL

Ermənistan oktyabr görüşünə hazırlaşırmı? AÇIQLAMA-ÖZƏL

“Dağlıq Qarabağla bağlı məsələyə çox böyük nikbin yanaşmaq düzgün olmazdı. Çünki, bunun üçün kifayət qədər əsas yoxdur. Düzdür, Ermənistan rəhbərliyi köhnə mövqeyindən çəkinə bilər, lakin bunun nə zaman qədər davam edəcəyi sual altındadır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ermənistan tərəfindən fikir dəyişikliyin daha çox xarici həmsədrlər, eləcə də Rusiya tərəfinin təzyiqi nəticəsində baş verdiyini deyən politoloq söyləyib ki, son dövrlərə qədər Ermənistan tərəfindən atılan addımlarla bağlı böyük narazılıqlar var idi: “Çünki, Ermənistan tərəfi danışıqlara qondarma rejimin nümayəndələrini qatmaqla yanaşı, beynəlxalq hüquq normalarının əksi olan digər addımlar atırdı. Bütün bunlardan sonra Ermənistan rəhbərliyi atdığı addımların ölkəsi üçün risk olduğunu qiymətləndirərək, fikirlərindən müəyyən qədər yayınmağa üstünlük verdi”.

İ. Vəlizadə söyləyib ki, son Düşənbə görüşü zamanı dövlət başçılarının təmas xəttində insidentin yaranmaması, eləcə də müvafiq strukturlar arasında birbaşa əlaqələrin yaradılması ilə bağlı razılaşmalar mühümdür: “Bu razılaşmaların əldə edilməsi, əlbəttə ki, Azərbaycan diplomatiyasının növbəti uğuru idi”.

Onun sözlərin görə, lakin Ermənistan tərəfinin əldə olunan razılaşmalara nə zamana qədər sadiq qalacağı zamanın işidir: “Bildiyiniz kimi oktyabrda Azərbaycan-Ermənistan XİN başçıları arasında yenidən görüş keçiriləcək və bu görüşlər bir növ prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır. Lakin Ermənistan rəhbərliyi ölkə başçıları arasında heç bir görüşün planlaşdırmadığını açıqlayır. Belə olan halda, XİN başçılarının görüşü hansı məna kəsb edir? Bu baxımdan da belə ziddiyyətli məqamlar problemin həllinə nikbin baxmağa imkan vermir. Hazırda Ermənistan rəhbərliyinin reallığı dərk etməsi ilə bağlı nikbinlik var. Amma hazırda daha ciddi təkliflərin üzərində iş aparılmalıdır. Bəs görəsən Ermənistanda bu işlər gedirmi? Bu suallara yalnız oktyabrda baş tutacaq XİN başçılarının görüşündən sonra cavab vermək olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə