Millət vəkili: “Milli Məclisin IV çağırış seçkilərində daha potensiallı mütəxəssislər seçilib”- MÜNASİBƏT

Millət vəkili: “Milli Məclisin IV çağırış seçkilərində daha potensiallı mütəxəssislər seçilib”- MÜNASİBƏT
"Hesab edirəm ki, Milli Məclisin IV çağırış seçkilərində daha potensiallı mütəxəssislər seçilib". Bu sözləri millət vəkili Gövhər Baxşəliyeva SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə, seçkilər zamanı cəmiyyətdə fəal rol oynayan namizədlər var idi ki, məhz onlar öz aktivlikləri sahəsində seçkilərdə uğur qazana biliblər.

Onun sözlərinə görə, builki seçkilərdə istər iqtisadiyyat, istər hüquq, istərsə də ictimai, humanitar və digər sahələrdən olan mütəxəssislərin sayı daha çoxluq təşkil edib: "Bir sözlə Milli Məclisin IV çağırışında cəmiyyətin intellektual qaymaqları təmsil olunurlar. Əgər fikir versək, bu dəfəki seçkilərdə ali məktəb rektorları, institut direktorları, elmi potensialı daha yüksək olan insanları seçilib ki, bu da Milli Məclisin fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Belə ki, həmin namizədlər parlamentdə qəbul olunacaq qanunların daha da təkmilləşdirilməsində mühüm rol oynayacaqlar ".

Ümumilikdə Milli Məclisin bütün çağırışlarında cəmiyyətimizin inkişafının bütün sahələrini təmsil edən insanların təmsil olunduğunu deyən millət vəkili qeyd edib ki, sadəcə builki seçkilərdə onların sayı daha üstünlük təşkil edib: "Milli Məclisdə belə insanların çoxluq təşkil etməsi ölkə qanunvericiliyinin inkişafı üçün vacibdir. Ümumilikdə Milli Məclisin IV çağırış seçkilərini seçim etibarı ilə daha uğurlu hesab etmək olar. Bu uğur Milli Məclisin bu çağırışdakı yüksək fəaliyyətinə mühüm təsir göstərəcək və töhfələrini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə