Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi Təbrizdə hörmətlə anılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi Təbrizdə hörmətlə anılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi dünyanın əksər ölkəsində hörmətlə anılır. Ulu öndərin abidəsi ziyarət edilir, ruhuna dualar oxunur. Xalqımızın əbədiyaşar lideri Təbriz şəhərində də anılıb.

SİA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan verilən məlumata görə, Konsulluqda keçirilən anım mərasimində Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qurandan ayələr oxunub, Ümummilli Liderin həyat və fəaliyyətinə dair fikirlər səsləndirilib.

Mərasimdə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək Ümummili Lider Heydər Əliyevin keçdyi omür yolundan, Azərbaycan üçün gördüyü işlərdən danışıb, onun müasir Azərbaycan dövlətinin qurucusu olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bugünədək qoruyub saxlayıb və hazırkı inkişaf səviyyəsinədək gəlib çatıb. Azərbaycanın Dağlıq Qarabağı ilə bağlı ədalətli mövqe Heydər Əliyev siyasəti nəticəsində dünya ictimaiyyətinə çatdırılıb və Azərbaycanın xarici ölkələrlə olan əlaqələri Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində bügünkü inkişaf tempini alıb.

Ə.Əlizadə vurğulayıb ki, məhz bu siyasətin nəticəsidir ki, Heydər Əliyevin xatirəsi Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbriz şəhərində də  hörmətlə yad edilir və onun ruhuna dualar oxunur.

Çıxışdan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib və onun xatirəsinə ehsan süfrəsi açılıb. Mərasimdən sonra iştirakçılar Baş Konsulluq tərəfindən təşkil olunmuş Heydər Əliyevə aid şəkil və kitablardan ibarət sərgiyə baxıblar.

Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan və digər vilayətlərinin dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu və əməkdaşları, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə