Bu gün Azərbaycan Respublikasının mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycan Respublikasının mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür
Bu gün Azərbaycan Respublikasının mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, dövlət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər səhərin ilk saatlarında Fəxri Xiyabanı ziyarət edərək ulu öndərin məzarı önünə əkil qoyublar.

Ulu öndərin məzarını ziyarət etmək üçün müxtəlif bölgələrdən gələnlər var idi. Səhər saatlarından başlayan insan axını axşama qədər davam etdi. Fəxri Xiyabanda əllərində gül dəstələri ilə məzarı ziyarət edən minlərlə insan gözə dəyirdi. Qocaların, cavanların, hətta heç nəyi dərk etmədiyini düşündüyümüz uşaqların belə gözlərində kədər var idi. Böyük izdiham arasında bəzi insanlara yaxınlaşaraq anım günü və ümümmilli liderin Azərbaycan müstəqilliyindəki rolu haqda düşüncələrini öyrəndik. Düşüncələrini etiraf edərkən çətinlik çəkənlər, hətta göz yaşlarını tuta bilməyənlər də oldu.

İlk olaraq yaxınlaşdığımız sakin Ramazanov Rəşad Salman oğlu anım günü haqda danışmağa başlayarkən göz yaşlarına boğuldu. Ulu öndərin şəxsiyyəti haqda danışan Ramazanov onun həyatının təsadüf olmadığını deyib: "Mən həmişə bu haqda danışanda kövrəlirəm. Heydər Əliyevin həyatındakı heç nə təsadüfi deyildi. O insan haralara endi, haralardan qalxdı və kim oldu? Bu sualların cavabını düşünəndə bilirik ki, o insan nə qədər fərqli idi. Mənə elə bir padşah göstərin ki, öz yerini öz əli ilə başqasına versin. Amma vaxtilə Əbülfəz Elçibəy Azərbaycanın Heydər Əliyevə ehtiyacı olduğunu bildiyi üçün öz yerini ona təhvil verdi. İndi başqa sözlər danışan İsa Qəmbər də, Pənah Hüseynov da Azərbaycana hakimlik etməsi üçün vaxtilə buradan Naxçıvana Heydər Əliyevin ayağına gediblər. Çünki hamısı yaxşı bilirdilər ki, bu xalqa azaldığı yalnız o insan qaytara bilər. Bu belə də oldu, Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinə qovuşdu. Əmin olun ki Heydər Əliyev nə qəlblərdən, nə də yaddaşlardan əsla silinməyəcək. Onun varlığı və xidmətləri ilə Azərbaycan xalqı bir ömür boyu fəxr edəcək".

Mərasimdə iştirak edənlər arasında hətta uzaq yerlərdən gələnlər də var idi. Bunlardan biri Mənsurov Mehman izdihama qatılmaq, ulu öndərin ruhuna olan ehtiramını göstərmək üçün Naxçıvandan gələnlər sırasında idi: "Mən hər il anım mərasiminə qatılıram. Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu da çox yüksək qiymətləndirirəm. Belə ki, bu gün biz bütün azadlığımızı, yaşadığımız hər gözəl günü ona borcluyuq. Allah ona rəhmət etsin, yeri nurla dolsun. Bütün Azərbaycan xalqı fəxr etməlidir ki, onun kimi dahi bir şəxsiyyətin başçılıq etdiyi vətənin vətəndaşlarıdırlar".

Düşüncələrini bildirən digər bir vətəndaş isə vətəndaş isə Heydər Əliyevi Azərbaycan xalqını qorxulardan azad edən bir qəhrəmana bənzədib: "Heydər Əliyevin gördüyü işlər, çəkdiyi əziyyətlər danılmazdır. Azərbaycan xalqı danışmağa, hərəkət etməyə, fikir bildirməyə ixtiyarı olmayan bir xalq idi. Bu xalqı o vəziyyətindən müstəqilliyə çıxaran məhz Heydər Əliyevdir. Buna görə də, biz onun ruhu qarşısında bir ömür boyu borcluyuq. Allahdan ona rəhmət diləyir, vətən qarşısındakı xidmətlərinə görə təşəkkür edirik".

Heydər Əliyevə Allahdan rəhmət arzulayır, məkanının cənnət olmasını arzulayırıq. Əminik ki, bu gün xalqımızı izləyən ruhu onlarla fəxr etdi!

Bütün xəbərlər Facebook səhifəmizdə