Rusiya KİV-ləri ölkələrimiz arasında əməkdaşlığa pozitiv yanaşır
Rusiya-Azərbaycan münasibətləri bütün sferaları əhatə edir
Prezident Vladimir Putinin Azərbaycana rəsmi səfərini Rusiyanın Kütləvi İnformasiya Vasitələri işıqlandırarkən bu səfərin əhəmiyyətini xüsusilə vurğulayırlar. Mehriban qonşuluq münasibətlərinin və hər sahədə əməkdaşlığın perspektivləri ön plana çəkilir və trateji əhəmiyyəti sadalanır.
Rusiyanın russian.rt.com saytında hər iki ölkə prezidentlərinin görüşü haqda məlumat verilərkən V.Putinin bu səfərindən hansı müsbət nəticələrin gözləniləcəyi barədə proqnozlar da verilir. Xüsusilə qeyd olunur ki, ekspertlərin fikrincə Moskva və Bakı arasındakı münasibətlər son dərəcə pozitiv inkişaf yolundadır və bu münasibətlər təkcə siyasi istiqamətdə deyil, eyni zamanda iqtisadi sahələri də əhatə edir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 1 sentyabr tarixində Soçi səfərinə də Rusiya mətbuatında xüsusi önəm verilir və bu səfər çərçivəsində iki ölkə arasında prioritet istiqamətlərdə imzalanan əməkdaşlıq müqavilələrinə, onların əhəmiyyətinə də toxunulur. Ekspertlər qeyd edirlər ki, son vaxtlar Rusiya-Azərbaycan münasibətləri son dərəcə məhsuldar xarakter alıb və bu münasibətlər siyasi sahədə əməkdaşlıqlardan başlamış iqtisadi əlaqələrə, hərbi-texniki sazişlərə qədər bütün sferaları əhatə edir.
“Xalq Diplomatiyası” fondunun eksperti Vladimir Kireev bəyan edir ki, son illərdə Rusiya və Azərbaycan arasında bir çox məsələlərə aydınlıq gətirilib və bu da öz növbəsində enerji resurslarına, regionda təhlükəsizliyin təmin olunmasına, qonşularla münasibətlərin yaxşılaşdırılmasına öz tövhəsini verir. Kireev həmçinin xatırladır ki, Azərbaycanı Rusiya ilə ümumi bir tarix və coğrafiya birləşdirir. Rusiyanın Azərbaycanla qonşu olduğunu vurğulayan ekspert xüsusilə vurğulayır ki, ölkələrimiz birlikdə Xəzərin akvatoriyasını da bölüşür və hər iki ölkənin heç zaman bir-birinə düşmən münasibəti müşahidə edilməyib. Son zamanlar münasibətlərin daha da artan templə inkişafına, dinamikasına diqqəti cəlb edən Kireev bunun mal dövriyyəsinin də artımına müsbət təsirindən danışır və qeyd edir ki, Moskva və Bakı arasındakı münasibətlər indi strateji əməkdaşlıq kimi təsvir olunur.
Kremlin mətbuat xidmətinin az öncə verdiyi məlumatda isə deyilir ki, 2017-ci ilin sonuna olan məlumatlara əsasən iki ölkə arasındakı mal dövriyyəsi 35% artıb və 2,5 milyard dollar səviyyəsində olub. Həmçinin qeyd olunur ki, Azərbaycan Rusiya və İranla Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində iştirak edir. Bu nəqliyyat arteriyası 7 min kilometr olmaqla, Cənubi Asiya və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirir.
Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeriy Korovin isə öz müshibələrində bəyan edir ki, Rusiya və Azərbaycanın hökumət başçılarının son illərdəki intensiv əlaqələri Vladimir Putin və İlham Əliyevin konkret məsələlərin həllinə hesablanmış əməkdaşlığı ilə nəticələnib. Hansı ki, bu əməkdaşlıq məsələlərin xırdalıqlarına, incəliklərinə qədər təhlil olunmasını, həllini tələb edir. Korovin həmçinin qeyd edir ki, ölkələrimiz arasında əməkdaşlıq, iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə kimi konkret sferalarda möhkəmlənir və bu da öz növbəsində perspektivlərdən xəbər verir.
Rusiyanın mətbuat səhifələrində, məsələn, russian.rt.com saytında qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiyanın rolunu xüsusilə qiymətləndirir. Hətta, ekspertlər hesab edirlər ki, Vladimir Putin və İlham Əliyev bu dəfə, çox güman ki, Qarabağ münaqişəsindən yan keçməyəcəklər və daha çox diqqət Dağlıq Qarabağ ətrafındakı vəziyyətə yönəldiləcək. Kireev qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə əlaqədar xüsusi səy göstərir və bütün gücünü səfərbər edir. Hətta ekspert 8 sentyabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyanla bu barədə müzakirələrin aparıldığından da danışıb. Korovin isə bəyan edir ki, Rusiya münaqişənin həllinə maraqlıdır və geopolitik gərginliyin aradan qaldırılması isə hər iki ölkənin maraqlarına xidmət edir. Bu baxımdan məsələnin müzakirəsi və həllinə ümid etməyə dəyər.
Göründüyü kimi, Rusiya mətbuatı, eyni zamanda ictimaiyyəti, ekspertləri ölkə prezidentinin Azərbaycana səfərinə pozitiv münasibət sərgiləyir və perspektivlərinə inanır. Rusiyanın Kütləvi İnformasiya Vasitələrində ölkələrimiz arasında əməkdaşlığın artan dinamik tempinə hər iki ölkənin maraqlı olduğundan bəhs olunur. Münasibətlərin daha da yaxşılaşdırılması, əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlıqların artırılması fonunda ölkə başçılarının səfərlərinin intensiv xarakter alması da həmçinin Rusiya mediasında müsbət qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB