Paşinyanın siyasi şousu sülh danışıqlarına təhlükədir ŞƏRH

Paşinyanın siyasi şousu sülh danışıqlarına təhlükədir ŞƏRH

Bu yanaşma danışıqların dayanmasına, müharibənin başlamasına səbəb ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) çıxışı Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı bütün ümidlərin üstündən xətt çəkdi, desək heç də yanılmış olmarıq. Hazırda münaqişənin çözülməsi istiqamətində diplomatiya siyasəti heç bir təsirə malik deyil və mövcud siyasi mənzərə ancaq müharibəyə aparır.

Dipolmatiyanın “can verdiyini” erməni həmkarı Zoqrab Mnatsakanyala görüşdən öncə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da dolayısı ilə etiraf edib. Başqa sözlə desək Paşinyanın tutduğu mövqe, konfiliktin siyasi müstəvidə həlli yönümündə İrəvanın qeyri-adekvat addımları nazir Məmmədyarovun Mnatsakanyanla aparacağı danışıqların formal xarakteri daşıyacağından xəbər verirdi. Paşinyanın bir-birinin ardınca buraxdığı siyasi səhvlər, ən son addım olaraq Dağlıq Qarabağın hava məkanının kobud şəkildə pozulması Azərbaycana hərbi müdaxilədən başqa çıxış yolu qoymur.

Maraqlı burasıdır ki, Ermənistan bütün bunları Rusiya prezidentinin Bakıya səfəri ərəfəsində edir. Yəni İrəvan Bakı ilə yanaşı Moskvaya da “meydan oxumaq” xülyasına düşüb. Biz Rusiyanın baş diplomatı Serqey Lavrovun hər imkanda Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmədiyini bildirdiyinin, Kremlin Qarabağda yenidən aktiv hərbi əməliyyatların başlaya biləcəyindən narahatlığını ifadə etdiyinin şahidiyik. Bu gün isə tam fərqli situasiya yaşanır və İrəvandan “hədə” dolu bəyanatlar eşidilir. Əslində vəziyyətin gərginləşməsi Bakı üçün unikal imkanlar açmaqdadır. Lavrovun konfiliktin həllini hansı konteksdə görməsindən aslı olmayaraq Azəraycan Qarabağın işğalını hərbi müdaxilə ilə aradan qaldıra bilər.

Mümkün müharibənin başlaması üçün isə bütün səbəblər ortadadır. Bir daha nəzər salaq. Sülh danışıqları dalana dirənib, işğalçı öz əməlinə haqq qazandırır, Azərbaycanın hava məkanı kobud şəkildə pozulur. Məhz bu amillər Qarabağ münaqişəsinin hərbi yolla həllində Azərbaycanın əlini gücləndirən faktorlardır.

Müharibəyə gəlincə, Azərbaycanın illərdir hərbi imkanlarını genişləndirdiyi heç kimə sirr deyil. Üstəlik beynəlxalq qurumlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu amil Azərbaycana silah gücünə işğalçını öz toraqlarından çıxarmaq hüququ verir.

Qısası ölkəmiz Qarabağ ətrafında istənilən ssenariyə hazırdır. Çox güman Bakıya səfərə gələn Rusiya prezidenti Vladimir Putinə də bu çatdırılacaq. Qalır ikinci Qarabağ savaşına başlamaq.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə