Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib - FOTO

Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib - FOTO
Bu gün Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Xalqımızın böyük oğlu, müstəqil Azərbaycanımızın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bütün xalqımız kimi, Heydər Əliyev Sarayının kollektivinin də qəlbində daim yaşayır və həmişə böyük sayğı ilə yad olunur",- deyə direktor qeyd edib.

Sarayın direktoru bildirib ki, dünya miqyasında müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyevin adı da çəkilir, uca tutulur. Ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb. Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən xilas edib və bununla da Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması həyata keçirilib.

Sarayın direktoru Fərhad Babayev, Ulu Öndər Heydər Əliyevin milli mənəviyyatımızın, mədəniyyətimizin qorunması və inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarına da həmişə dahi İnsandan nümunə götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə edib.

Ulu öndərin əsasını qoyduğu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan F.Babayev xüssusi olaraq qeyd edib ki, Azərbaycan daha da inkşaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib.

Sonda anım tədbirində çıxış edənlər Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə