9-10 dekabr 2010-cu il tarixlərində Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Belarus Respublikası Xarici İşlər Nazirliyi Baş Konsulluq idarəsinin rəisi Aleksandr Ostrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini Xarici İşlər Nazirinin müavini cənab Nadir Hüseynov qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı, regional və digər məsələlər müzakirə olunub. Nazir müavini konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirmiş və sözügedən sahənin inkişaf etdirilməsi üçün ölkələr arası konsulluq məsləhətləşmələrinin keçirilməsinin vacibliyini vurğulanıb.
Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Belarus Respublikasında yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə Belarusda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vəziyyəti, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iki ölkə ərazisində hüquqi vəziyyəti, Belarus Respublikasının ərazisində daimi yaşayan vətəndaşlarımızın pensiya təminatı, vətəndaşlıq, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər, miqrasiya problemləri və readmissiya kimi vacib məsələlər müzakirə edilib.
Müzakirələrdə Azərbaycan Respublikasının Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirliklərinin, Dövlət Sosial Müdafiə fondunun nümayəndələri iştirak edərək müzakirə olunan məsələlərə dair fikir və təkliflərini bildiriblər. Azərbaycan tərəfdən məsləhətləşmələrdə nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəis əvəzi Mehriban Nəcəfova, Belarus nümayəndə heyətinə Aleksandr Ostrovskiy rəhbərlik edib.
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb. Azərbaycan Respublikası və Belarus Respublikası Xarici İşlər Nazirliklərinin bundan əvvəlki konsulluq məsləhətləşmələri 18-19 dekabr 2007-ci ildə Minsk şəhərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB