Cümşüd Nuriyev: “Ermənilər Dağlıq Qarabağın tanınma məsələsini tez-tez gündəmə gətirməklə Azərbaycanı tutduğu strateji xətdən kənara çıxarmaq istəyir“
Xəbər verildiyi kimi, Ermənistan parlamenti "İrs" müxalifət partiyası tərəfindən irəli sürülmüş ""Dağlıq Qarabağ Respublikasının" müstəqilliyinin tanınması haqqında" qanun layihəsini təxirə salıb. Ermənistanın Respublika Partiyasının simasında parlament çoxluğu, o cümlədən "Çiçəklənən Ermənistan" və "Orinats Erkir" partiyasından olan deputatlar səsvermədə iştirak etməyib. Qanun layihəsi üçün yalnız "Daşnaksütyun" və "İrs" müxalif fraksiyalarından olan 13 deputat səs veriblər. Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın tanınması ilə bağlı məsələni tez-tez gündəmə gətirir. Siyasi ekspert Cümşüd Nuriyev hesab edir ki, bu məsələnin Ermənistan tərəfindən yenidən gündəmə gətirilməsi rəsmi İrəvanın iflasının sübutudur. O, SİA-ya verdiyi açıqlamasında bunun Azərbaycana təzyiq olduğunu bildirib. Dağlıq Qarabağın tanınması məsələsinin ATƏT-in Astana sammitindən də əvvəl gündəmə gətirildiyini dilə gətirən siyasi ekspert ermənilərin növbəti dəfə məqsədlərinə çatmadığını deyib.
Ermənistanda daxili qarşıdurmanın tamam başqa bir müstəviyə keçdiyini söyləyən C.Nuriyev qeyd edib ki, işğalçı ölkədəki müəyyən qüvvələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmindir: "Azərbaycan ərazisinin azad olunması istiqamətində son 5 ildə çox ciddi işlər görüb. Azərbaycanın əvvəllər elə bir imkanı yox idi ki, həm Ermənistanla informasiya müharibəsi aparsın, həm iqtisadiyyatını düzəltsin, həm də ordusunu gücləndirsin. Hal-hazırda isə bu imkanlar var. Belə bir şəraitdə Azərbaycanda Dağlıq Qarabağla bağlı bütün məsələlər həll olunub. Ermənilər Dağlıq Qarabağın tanınma məsələsini tez-tez gündəmə gətirməklə Azərbaycanı tutduğu strateji xətdən kənara çıxarmaq istəyir. Amma Azərbaycan ermənilərin məkrli niyyətini çox yaxşı başa düşür. Dağlıq Qarabağı tanısalar belə bu heç nəyi dəyişməyəcək".
C.Nuriyev hesab edir ki, "İrs" partiyasının hazırladığı qanun layihəsinin parlamentdən keçməməsi Azərbaycanın bir neçə mərhələdə haqlı olduğunu göstərir: "Bu Azərbaycanın xarici, xüsusilə Dağlıq Qarabağla bağlı siyasətinin haqlı olduğunu göstərir. İkincisi, dövlət başçımızın ortaya qoyduğu iradə və bu məsələnin axırına kimi gedəcəyi ermənilərə məlumdur. Üçüncüsü, Azərbaycanın müdafiə qabiliyyəti elə bir səviyyədədir ki, məsələnin hərbi müstəvidə həll olunmasına hazırdır. Dördüncüsü, istər münaqişənin həllində vasitəçilik edən həmsədr ölkələr, istərsə də başqaları ermənilərin parazit hərəkətlərindən beziblər. Belə bir şəraitdə ermənilərin daxili siyasətə hesablanmış addımlar atmaqdan başqa çıxış yolu qalmayıb".
ATƏT-in təkmilləşdirilməsi ilə bağlı Astana sammitində səslənən fikirlərə də toxunan ekspert söyləyib ki, təşkilatın müsəlman üzvlərinin olması da bu prosesdə nəzərə alınmalıdır: "Həmsədrlərdən biri mütləq müsəlman ölkəsi olmalıdır. ABŞ Dövlət Departamentinin açıqladığı gizli sənədlər də göstərir ki, Fransada erməni lobbisindən kifayət qədər çəkinirlər. ABŞ-da da erməni lobbisi var, Rusiyada isə erməni lobbisindən çox ölkənin öz maraqları var. Balans isə ondan ibarət olmalıdır ki, Minsk qrupunda ən azından Fransanın əvəzinə Çin olmalıdır. Çin nə müsəlman, nə də xristian ölkəsidir. Dördlük olsa, Çin və Türkiyə daxil olsun".
Dağlıq Qarabağ münaqişəsində həlledici rolun ATƏT-dən alınaraq başqa bir quruma verilməsinin mümkünlüyünə gəlincə, C.Nuriyev bildirib ki, bu həm Azərbaycan, həm də ATƏT-in özü üçün lazımdır: "ATƏT-in yeritdiyi siyasət ikizülü bir siyasətdir. Minsk qrupu formatından başqa, ATƏT də özünü doğrultmur. Bu təşkilat heç vaxt hadisələri qabaqlamağı bacarmayıb. Bu məsələyə Azərbaycan konkret şəkildə mövqeyini bildirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB