AXCP sədrinin müşaviri və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

AXCP sədrinin müşaviri və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə istintaqının yekunlaşması təklifinə münasibət bildiriblər.

 

Təqsirləndirilənlər Qabil Məmmədrzayev və Hüseyn Qurbanov məhkəmə istintaqının yekunlaşmasına etiraz etdiklərini söyləyiblər.

 

Məhkəmə yerində müşavirə edərək məhkəmə istintaqının yekunlaşması barədə qərar verib. Proses dekabrın 23-də dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.

 

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə