Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yeni tərkibdə ilk iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yeni tərkibdə ilk iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası açan Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov əvvəlcə deputatları 2010-cu il parlament seçkilərində uğur qazanmaları münasibəti ilə təbrik etdi, onlara qarşıdakı 5 ildə səmərəli qanunvericilik fəaliyyəti arzulayıb.

Bildirilib ki, komitənin bugünkü iclasına bir məsələ daxil edilib. Komitə üzvləri "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə ediblər.

Müzakirələr zamanı deputatlar dost ölkələrin təbii ehtiyatların səmərəli istifadəsi sahəsində bir-birinə dəstək verməsinin yüksək dəyər olduğunu qeyd ediblər. Bildirilib ki, qanunda hər iki ölkə arasında çayın sərhəd sahəsindəki yerüstü suların işlənməsi, suyun ekosisteminin mühafizəsi və digər məsələlər ətraflı şərh edilib.

Mütəxəssislər sənədin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Sonda qanun layihəsinin yekdilliklə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması barədə qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə