“Təhsil krediti” haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq- YENİ

“Təhsil krediti” haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq- YENİ
"Təhsil krediti" haqqında qanun layihəsi Milli Məclisin IV çağırış yaz sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov SİA-ya açıqlamasında deyib. Layihənin millət vəkili Əli Məsimli ilə birgə hazırlandığını deyən V. Əhmədovun sözlərinə görə, layihə ilə əlaqədar Milli Məclisin Elm və təhsil komitəsinin də rəyi var.

Onun sözlərinə görə, layihə ilə bağlı işlər yekunlaşıb. Layihənin müzakirə olunması üçün Milli Məclisə təqdim edildiyini deyən Ə. Əhmədov onun gündəliyə salınmasına çalışacaqlarını qeyd edib.
"Bundan əlavə, Parlamentin IV çağırış yaz sessiyasında SSRİ dövründən qalan əmanətlərin qaytarılması ilə əlaqədar qanun layihəsi də müzakirəyə çıxarılacaq. Biz çalışacağıq ki, layihə bu çağırışda qəbul olunsun. Komitənin Parlamentin III çağırışından qalan bir sıra qanun layihə və təklifləri var ki, bu sessiyada onların da müzakirəyə çıxarılması nəzərdə tutub"- deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, İqtisadi siyasət komitəsi yaz sessiyasında Rəqabət Məcəlləsini III oxunuşda müzakirəyə çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə