Elçin Mirzəbəyli: “Media Ombudsmanının səlahiyyətlərinin Ombudsman Aparatına verilməsi hüquqi baxımdan normal qarşılanmalıdır” - MÖVQE

Elçin Mirzəbəyli: “Media Ombudsmanının səlahiyyətlərinin Ombudsman Aparatına verilməsi hüquqi baxımdan normal qarşılanmalıdır” - MÖVQE

"Mətbuat hüquqları ilə bağlı səlahiyyətlərin Ombudsman Aparatına verilməsində qeyri-adi bir şey yoxdur". SİA-ya bu sözləri deyən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli media ombudsmanı institutunun səlahiyyətinin Ombudsmana verilməsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan qanun layihəsinə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev indiki Ombudsmana bu sahədə də səlahiyyətlər verilməsinin onun işini kifayət qədər mürəkkəbləşdirəcəyini bildiriblər. Müzakirədə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Meltes media üzrə ayrıca ombudsman institutunun yaradılmasının məqsədəuyğun olduğunu deyib. Milli Məclisin plenar iclasına tövsiyə olunan qanun layihəsi haqqında Mətbuat Şurasının sədri Əflatun Amaşov da münasibət bildirib. Mətbuata açıqlamasında qanunla ayrıca olaraq İnformasiya üzrə Ombudsmanının yaradılmasının nəzərdə tutulduğunu xatırladan Ə.Amaşov bununla belə müzakirələrin başlanmasını mütərəqqi hesab: "Media Ombudsmanın əsas vəzifəsi vətəndaşların ilk mənbədən informasiya almaq imkanlarını təmin etməkdir. Bu yerinə yetiriləcəksə, yüksək qiymətləndirəcəyik".

 

Ombudman Aparatının bir nəfərdən ibarət olmadığını deyən baş redaktor hesab edir ki, orada fəaliyyət göstərən şəxslər insan haqlarının qorunması sahəsində kifayət qədər təcrübəyə malikdirlər. İnsan hüquqlarının, söz və fikir azadlıqlarının kompleks yanaşma tələb etdiyini deyən E.Mirzəbəyli qeyd edib ki, insanların hüquqlarının qorunmasından söhbət gedəndə paralel olaraq onların söz və fikir azadlığının qorunması da ortaya çıxır: "Bunlar bir-birindən ayrılmayan amillərdir. Media Ombudsmanının səlahiyyətlərinin Ombudsman Aparatına verilməsi hüquqi baxımdan normal qarşılanmalıdır. Hesab edirəm ki, hər şey bu sahədə aparılacaq işlərdən asılıdır. Ombudsman Aparatı indiyə kimi insan hüquqlarına, söz və fikir azadlıqlıqlarına kompleks şəkildə yanaşıb. Bundan sonra mətbuatla bağlı məsələlər Ombudsman Aparatında çox güman ki, ayrıca bir istiqamət kimi fəaliyyət göstərəcək. Əgər burada missiya bir nəfərin üzərinə qoyulsaydı, təbii ki, daha çətin bir vəziyyət yaranardı".

 

Məlum olduğu kimi, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı mətbuatda tez-tez müzakirələr aparılıb, media qurumlarının rəhbərləri və mütəxəssisləri tərəfindən müəyyən təkliflər səsləndirilib. "Media Ombudsmanının səlahiyyətlərinin Mətbuat Şurasına verilməsi mümkün idimi" sualına E.Mirzəbəyli bildirib ki, özü də Şuranın səlahiyyətlərinin artırılmasının tərəfdarıdır. Qurumun son iki qurultayında bunun üçün təkliflərlə çıxış etdiyini deyən baş redaktor bildirib ki, bu təkliflər Mətbuat Şurasının funksiyasının artırılmasından ibarətdir: "Mətbuat Şurasının əlində təkcə ictimai qınaq vasitələri olmamalıdır, eyni zamanda qanunvericiliyi pozan mətbuat orqanına təsir etmək gücündə olmalıdır. Media hüquqları ilə bağlı Ombudsman səlahiyyətlərinin isə Mətbuat Şurası tərəfindən yerinə yetirilməsi praktikada rast gəlinməyən bir haldır. Bəlkə də bu mümkün olan versiyalardan biridir. Amma nəzərə alaq ki, sözügedən qanun layihəsi Milli Məclisdə müzakirə olunur və komitənin iclasından sonra çox güman ki, müəyyən bir razılığa gəlinəcək. Məsələnin hər iki formada həlli hansısa formada ziddiyyətlərin yaranmasına gətirib çıxarmayacaq. Ombudsman Aparatı ayrıca bir strukturdur, hüquq müdafiəsi təşkilatıdır. Mətbuat Şurasının funksiyası isə hüquq müdafiəsi təşkilatının funksiyasına aid deyil. Bu baxımdan bunu fərqləndirmək lazımdır. Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasının tərəfdarıyam. Ümid edirəm ki, bu istiqamətdə qurumun növbəti qurultayında, yaxud da hansısa bir formada müvafiq addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə