Gəncə məktəbəqədər tərbiyə müəssisələrindəki təhlükə

Gəncə məktəbəqədər tərbiyə müəssisələrindəki təhlükə

Gəncədə məktəbəqədər tərbiyə müəssisələrinin qışa hazırlığı istənilən səviyyədə deyil. Apardığımız araşdırma göstərdi ki, ölkənin ikinci böyük şəhərinin məktəbəqədər tərbiyə müəssisələrində bir sıra ciddi problemlər var. Ən vacib məsələ uşaq bağçalarının əksəriyyətinin yararsız vəziyyətdə olmasıdır.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hazırda Gəncə şəhərində 40-dan artıq məktəbəqədər tərbiyə müəssisəsi var. Onlarında əksəriyyəti sovetlər dönəmində tikilib. Yəni istifadə müddətini başa vurub. Hazırda bu təhsil müəssisələrində nə az, nə çox 4 mindən artıq uşaq tərbiyə alır.

Bu gün baxçaların heç birində istilik sistemi işləmir. Müəssisələrin əksəriyyəti qadağan olunan üsulla, mavi yanacaqdan istifadə edilməklə isidilir.

Qeyd edək ki, bağçaların qazla təminatı ancaq mətbəx üçün nəzərdə tutulub. Gəncədə isə vəziyyət başqadır. Mavi yanacaqdan balacaların olduğu yerlərdə də istifadə olunur. Görünür aidiyyəti qurumlar bunları görməzdən gəlir. Hər halda belə olmasa göz önündəki təhlükə aradan qaldırılardı.

Diqqət çəkən digər faktlardan biri də ondan ibarətdir ki, istilik məqsədilə istifadə edilən qaz sobalarına qoruyucu cihazlar quraşdırılmayıb. Misal üçün Gəncənin 31 saylı Körpələr Evində istilik sistemi uşaqların bir addımlığında qurulub.

Məsələyə münasibət bildirən Gəncə Şəhər Təhsil İdarəsinin Məktəbəqədər Tərbiyə Müəssisələri üzrə aparıcı məsləhətçisi Nəcabət Kalayevanın SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, yeni dərs ilində bu istiqamətdə bir sıra məqsədyönlü işlər həyata keçirilib. Qapılar, pəncərələr dəyişdirilib. Ayrıca bağçalarda odun və qaz sobalarından istifadə olunur.

Ancaq biz araşdırma apardığımız məktəbəqədər tərbiyə müəssisələrinin heç birində deyilənlərin şahdi olmadıq.

Bütün xəbərlər Facebook səhifəmizdə