Əli Əhmədov: “Azərbaycanın iqtisadi inkişaf modelinin bazasının formalaşmasında ilk növbədə ölkə daxilindəki iqtisadi-siyasi sabitlik dayanır” - MÜNASİBƏT

Əli Əhmədov: “Azərbaycanın iqtisadi inkişaf modelinin bazasının formalaşmasında ilk növbədə ölkə daxilindəki iqtisadi-siyasi sabitlik dayanır” - MÜNASİBƏT

"Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın əsasında dayanan Heydər Əliyevin siyasəti durur. Eyni zamanda prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində Azərbaycan dövlətinin dinamik inkişafı çox ciddi nəzəri praqmatik bazaya söykənib". SİA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov "İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimində çıxışında bildirib. İcra katibi qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı bu günün reallığı yox, həm də Azərbaycan xalqının, dövlətinin bundan sonrakı taleyinin həlledici təməl prinsiplərindən biri olacağını məmuniyyətlə və qətiyyətlə söyləmək mümkündür: "Mən qeyd etmək istəyirəm ki, Azərbaycanın iqtisadi inkişaf modeli mövzusu bir neçə ildir ki, ölkənin elmi ictimaiyyətini düşündürən problemə çevrilibdir. Və bu baxımdan 2006-ci ildə Yeni Azərbaycan Partiyasının "Azərbaycanın İqtisadi İnkişafı modeli" mövzusunda keçirdiyi iclasını xatırlatmaq istəyirəm. Beləliklə, Azərbaycan modelinin formalaşması birmənalı şəkildə qərarlaşıb və bu gün Azərbaycan modelinin formalaşması Azərbaycanın iqtisadi fikrini düşündürən mövzulardandır".

 

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf modelinin bazasının formalaşmasında ilk növbədə ölkə daxilindəki iqtisadi-siyasi sabitlik dayanır. İkinci komponent isə Heydər Əliyevin neft strategiyasıdır: "Ölkədə Heydər Əliyev tərəfindən təmin olunmuş davamlı ictimai-siyasi sabitlik Azərbaycanın sürətli inkişafın platforması rolunda çıxış edir və bu funksiyası yerinə yetirir. İkinci komponent - Heydər Əliyevin neft strategiyası həm də Azərbaycanın iqtisadi inkişafının təməli, sosial faktor, geopolitik faktor rolunda çıxış edir. Bütövlükdə bu gün Azərbaycanda formalaşmış inkişaf modelinin reallaşmasına kömək edir. Üçüncüsü isə burada danışılan Azərbaycan inkişaf modelinin tərkibində əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlardır".

 

Yeni Azərbaycan partiyasının sədr müavini vurğulayıb ki, iqtisadi inteqrasiya komponenti sahəsində Azərbaycan öz iqtisadiyyatını təmin edir, digər tərəfdən də dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilir. Bu da Azərbaycanın təkcə Cənubi Qafqazda yox, bütövlükdə tranzıt ölkə mərkəzinə çevrilməsinə gətirib çıxaracaq: " Bu gün hörmətli prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin kökündə dayanan çox önəmli məqamlardan biri ölkəmizin həm iqtisadiyyatını, həm də bütün sferaların modernləşməsini özündə ehtiva edən cəhətlərdir. Bu da Azərbaycan inkişaf modelinin tərkibində duran məqamlardan biridir. Azərbaycanın yüksək inkişafı üçün möhkəm baza yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə