Paşinyan regionu təhlükələrlə üz-üzə qoyur

Paşinyan regionu təhlükələrlə üz-üzə qoyur

Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıqdır ki, davam edir və bu müddət ərzində cəbhə xəttində atəşkəsin işğalçı dövlət tərəfindən aramsız olaraq pozulması da bunu isbatlayır. Baxmayaraq ki, tərəflər arasında atəşkəs barədə razılaşma var, Ermənistan tərəfi bu razılaşmaya məhəl qoymayaraq, nəinki Azərbaycana məxsus hərbi hissələri, hətta sərhəd rayonlarında, cəbhə bölgəsində yerləşən ərazidə yaşayan dinc əhalini də atəşə tutur. İşğalçıların mütəmadi olaraq atəşkəsi pozması, müxtəlif çaplı silahlarla hədəfə alması nəticəsində sərhədd rayonlarında yaşayan əhali xəsarət alır, şəxsi təsərrüfatlarına, bu təsərrüfatlarda saxlanılan ev heyvanlarına zərər yetirilir, yaşayış binaları müxtəlif formada dağıntılara məruz qalır.

Ermənistan haqsız mübarizəni və müharibəni tarix boyu bütün istiqamətlərdə aparıb və indi də davam etdirir
İşğalçı dövlət mübarizəni təkcə silah-sursatla deyil virtual şəkildə də davam etdirir, dezinformasiyalarla, maddi-mənəvi dəyərləri saxta yollarla mənimsəməklə, yalan və əks təbliğatla haqsız mübarizəsini qlobal miqyasda da aparır. Baxmayaraq ki, məhz Azərbaycana məxsus ərazilər işğala məruz qalıb, azərbaycanlı əhaliyə qarşı soyqırım siyasəti aparılıb, bizim vətəndaşlarımız terrorun, vandallığın, vəhşiliyin qurbanına çevrilib, hələ də bir milyondan çox qaçqın öz yurd-yuvasından məhrumdur, ermənilər bütün dünyaya bunun əksini təbliğ etmək üçün dəridən-qabıqdan çıxır. İşğalçı rejim bu qədər haqsızlığın, bu qədər qanunsuzluğun, bu qədər soyqırımların, vəhşiliyin, terrorun fonunda Azərbaycanı günahkar dövlət kimi dünyaya tanıtmağa çalışır. Xocalı faciəsinə imza atan, ixtiyar qocaları işgəncələrlə qətlə yetirən, uşaqların əzalarına kəsici-deşici və odlu silahlarla xəsarət yetirərək onları tələf edən, hamilə qadınları belə süngüdən kecirən vandallar Azərbaycan tərəfindən soyqırıma məruz qaldığına bütün dünya ictimaiyyətini, beynəlxalq qurumları, demokratik institutları inandırmağa çalışır. Dünyanın hər yerinə səpələnmiş erməni lobbisi açıq şəkildə bu istiqamətdə haqsız mübarizə və müharibə aparır.

Tarixə ekskursiya etsək görərik ki, erməni xisləti yeni bir təzahür deyil və zaman-zaman təkcə Azərbaycanda deyil, qonşu dövlətlərdə də, ələlxüsus Türkiyədə də özünü biruzə verib. Qonşu dövlətlərə məxsus torpaqların mənimsənilməsi, qanunsuz əməllər bir tərəfə, türk milli mənsubiyyətinə məxsus insanlara qarşı antipatiya, soyqırım siyasəti “Böyük Ermənistan” xülyasında olanların əsas missiyasıdır. Erməni silahlılarının Türkiyədə də soyqırım siyasəti yürütdüyü tarixi gerçəklikdir və türklərin bu vandalların vəhşiliyindən tarix boyu əziyyət çəkdiyi, itgilərə məruz qaldığı hamıya bəllidir. Lakin Azərbaycanda, özü də XX əsrin sonlarında ermənilər tərəfindən torədilən cinayətlərin misli-bərabəri ola bilməz və erməni terrorçuları Xocalı kimi insanlıq dramına imza atmaqla təsdiq etdilər ki, vəhşilikdə onların analoqu yoxdur. Bu vəhşiliyə imza atan terrorçular eyni zamanda bütün dünyaya bəyan etdilər ki, türk milli mənsubiyyətinə, Azərbaycan xalqına qarşı onlarda antipatiya var.

Ermənistan parlamentinin “Şant-2018” hərbi təlimləri çərçivəsində Azərbaycana müharibə elan etməsi işğalçılıq siyasətinin təsdiqi və etirafıdır

Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi əslində mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının dovlət səviyyəsində növbəti dəfə təsdiqidir. Parlament səviyyəsində müharibə elan edilməsi isə işğalçılıq siyasətinin etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin özünün də arxaik düşüncəyə sahib olduğunun göstəricisidir.

Onsuz da atəşkəsin olub-olmamasından asılı olmayaraq Ermənistan müharibəni bir an belə dayandırmayıb və müharibə əhval-ruhiyyəsi bu işğalçı dövlətin siyasətində açıq-aşkar görünməkdədir. Onu da inkar etmək olmaz ki, Ermənistan Azərbaycanı hər zaman düşmən gözündə görüb və indi də görür. Hər zaman torpaq iddiasında olub və indi də bu iddiadadır. “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi əslində, Azərbaycana hədə, yaxud təhdid sayıla da bilməz. Lakin, Azərbaycan tərəfini maraqlandıran əsas məsələ odur ki, ATƏT, BMT və digər beynəlxalq təşkilatların, qurumların, demokratik institutların bu qədər qətnamələri, qərarları, torpaqlarımızın qeyd-şərtsiz boşaldılması tələbləri fonunda Ermənistana, onun parlamentinə, siyasi-hərbi rəhbərliyinə bu cəsarət hardandır və onu kim verib? Maraqlıdır ki, bu işğalçı dövlət heçmi hesaba almır beynəlxalq qurumları, onların qərar və qətnamələrini? Yaxud, beynəlxalq təşkilatlar Ermənistanın bu hədsizliyini heçmi görmür? Belə bir saymazlıq və hörmətsizliklə beynəlxalq qurumları təhqir etdiklərinin heçmi fərqində deyillər? Bu saymazlığın qarşılığında öz nüfuzu xatiinə də olsa bir tərpəniş, bir hərəkət olmayacaqmı?

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atır. Yetərincə siyasi, iqtisadi, hərbi gücü olmasına, güçlü tərəf kimi təsdiq edilməsinə baxmayaraq yenə də məsələnin müharibə yolu, hərbi yolla həll edilməsini istəmir, sülh və danışıqlar yolu ilə münaqişəyə son qoymaq niyyətindədir. Ölkəmiz qonşu dövlətlərlə birlikdə regionun inkişafına xidmət edən regional və qlobal ayihələrə imza atdığı halda işğalçı dövlətin yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu təhlükələrlə üzbəüz qoyur.

İşğalçı dövlətin hədsizliyinə beynəlxalq qurumlar, təşkilatlar, demokratik institutlar hələ də susur

Ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə inkişafı ilə işğalçı dövlətin səfalət içində olması və daha dərin uçuruma sürüklənməsi arasındakı kəskin fərq bir tərəfə, Azərbaycanın sülhsevər siyasəti ilə, Ermənistanın terrorçuluq siyasəti arasındakı fərqi də dünya ictimaiyyəti görür. Nədənsə bu sadalanan fərqləri beynəlxalq təşkilatlar görməməzliyə vurmaq istəyir. Nəyə görəsə hələ də ikili standartlar siyasəti ön plandadır və beynəlxalq qurumlar, insan hüquqları təşkilatları, demokratik institutlar nə səbəbə isə hələ də susur. Bu isə, yəni işğalçılara qarşı təsirli ola biləcək beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi, hətta sanksiyaların tətbiq edilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır. Nəticədə bu işğalçı dövlət, ələlxüsus onun yeni, səriştəsiz hakimiyyəti hədsizlik nümayiş etdirir, beynəlxalq hüququn norma və prinsplərinə hörmətsizlik edir, ələlxüsus da regionda təhlükəli vəziyyətin yaranmasına xidmət edir.

Regionda təhlükəli vəziyyətin yaranmasında Azərbaycanın zərrə qədər rolu yoxdur və ölkəmiz bunun tam əksinə olaraq regional, qlobal layihələrlə təhlukəsizliyin təmin olunmasina ardıcıl olaraq öz tövhələrini verir. Hərbi parad zamanı da bütün dünyaya da bəlli oldu ki, öz hərbi qüvvəsi ilə Azərbaycan öz torpaqlarını bir an gecikmədən almaq, Ermənistan üzərində qələbəsini təmin etmək əzmindədir. Ölkəmizin bütün sahələrlə yanaşı hərbi sahədə də müqaisə olunmayacaq dərəcədə üstünlüyü şəksizdir və bütün bunların fonunda hələ də müharibənin əleyhinə olaraq sülhün tərəfində olması diqqətdən yayına bilməz. Məhz bu baxımdan bir daha təsdiq olunur ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Azərbaycan bu məsuliyyətin beynəlxalq təşkilatlar tərəfindən çatırılması, məhz Ermənistana bu məsuliyyət barədə xəbərdarlığını da gözləməkdə haqlıdır.

Parlament səviyyəsində müharibə elan edən ölkənin danışıqlarda iştirakı riyakarlıq nümünəsidir və ziddiyyətli bəyanatlar bunu təsdiq edir

Beynəlxalq miqyasda keçirilən görüşlər, tədbirlər zamanı, ələlxüsis beynəlxalq təşkilatlar, insan haqları, demokratik institutlar qarşısında Ermənistanın danışıqlara qoşulması, münaqişənin həllini müzakirə etməsi ilə real mövqeyi göründüyü kimi üst-üstə düşmür. Razılıq əldə etmək istəyən dövlət, danışıqlarda maraqlı olan ölkə müharibə iddiası ilə çıxış edə bilməz. Daha doğrusu, parlament səviyyəsində müharibə elan edən ölkənin danışıqlarda iştirakı riyakarlıq nümünəsi kimi dəyərləndirilə bilər. Ermənistan, daha dəqiq desək, başda Nikol Paşinyan olmaqla, bu işğalçı ölkənin yeni hakimiyyəti hələ də ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilməkdədir. Dünya ictimaiyyətinin diqqətindən heç də kənarda deyil ki, bu ziddiyət artıq dovlət siyasətinə də siraət edib və işğalçı ölkə Paşinyan kimi küçə nümayişçisinin ziddiyətli mövqeyinin, daha dəqiq desək mövqesizliyinin girovuna çevrilib. "Şant 2018” hərbi təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi və bunu ölkə parlamentinin rəsmi internet səhifəsində yerləşdirməsi də öz növbəsində təsdiq edir ki, bu işğalçı dövlət hazırda Paşinyanın oyunlarına alət olub və baş nazirin ziddiyyətli mövqeyi, yaxud mövqesizliyi dövlət səviyyəsində özünü biruzə verir. Daha doğrusu Ermənistan artıq dövlət səviyyəsində ziddiyyətli mövqe, movqesizlik nümayiş etdirir.

Daxili auditoriyaya hesablanmış çıxışlarla, populist nitqlər və vədlərlə Qərb siyasəti sayəsində əslində hakimiyyət çevrilişi edən nümayişçi baş nazir kürsüsünü ələ keçirdikdən sonra özünün rəhbərliyə yararsız, səriştəsiz, ideyalarının isə mənasız olduğunu özü də dərk etdi. Pafoslu çıxışlarının, Rusiyadan tam şəkildə asılı ola-ola Qərbə meyl etməklə ölkə vətəndaşlarına xoşbəxt gələcək vədlərinin cəfəngiyat olduğunun bütün ermənilərlə yanaşı dünya ictimaiyyəti də şahidi oldu. Hakimiyyəti ələ keçirdikdən sonra bu yükü daşıya bilməyəcəyinin fərqində olan və bu səbəbdən də başını itirmiş Paşinyan Qərb ölkələrində bir, Rusiyada başqa bir mövqe sərgiləməklə mahiyyətini ortaya qoydu. İndi nə bu baş nazirin, nə də onun yeni hakimiyyəti altında olan Ermənistanın qərarlarını, bəyanatlarını ciddiyə, yaxud hesaba alan belə yoxdur. İddialarının isə mahiyyəti göz qabağındadır və əsassız olduğu bir aksiomdur. İşğalçı dövlətin, onun yeni hakimiyyətinin istər müharibə elan etməsi, istərsə də Azərbaycanın qondarma rejimlə danışıqlar aparmalı olduğu iddiaları cəzasızlıq səbəbindən doğan hədsizlik nümunəsidir və Paşinyan hakimiyyətinin digər bütün qərar və iddiaları kimi cəfəngiyatdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə