Bu gün “İnkişafın Azərbaycan modeli” adlı kitabın təqdimat mərasimi keçirilib
Bu gün "İnkişafın Azərbaycan modeli" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, kitabın ideya rəhbəri və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, kitabın buraxılışına məsul "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Onun sözlərinə görə, kitabın ana xəttini Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində keçid dövrünün uğurla arxada qalması təşkil edir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra çətinliklərlə üzləşib, bir iqtisadi sistemdən digərinə keçib edib. Çox az ölkələr belə keçiddə öz iqtisadi müstəqilliyini saxlaya bilib. Azərbaycan bu azsaylı ölkələrdən biridir. Bu zəmində kitabın ərsəyə gəlməsi Azərbaycanın dayanıqlı inkişafından xəbər verir. Bu kitabın müxtəlif dillərə tərcümə olunması Azərbaycanın inkişaf modelinin dünyada daha yaxşı tanınmasına xidmət edir".
Ziyad Səmədzadə vurğulayıb ki, kitabda Azərbaycanın iqtisadi inkişaf yolları və bu sahədə həyata keçirdiyi tədbirlər təhlil olunub: "Azərbaycan Prezidenti İlham Əliyev çıxışında MDB məkanında keçid dövrünün başa çatdığını ilk dəfə rəsmən elan etdi. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı son illər artım tempinə görə dünya ölkələri arasında ilk yerlərdə qərarlaşıb. Dünyada hökm sürmüş qlobal böhranın Azərbaycana minimum təsiri də bu məqsədyönlü tədbirlərin nəticəsi olub".
Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev isə kitabda müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun tutarlı arqumentlərlə təhlil olunduğunu bildirib. Millət vəkili deyib ki, Azərbaycanın milli inkişaf modeli Heydər Əliyevin adı ilə bağlıdır: "Kitabda da bu ardıcıl surətdə, sistemli şəkildə açıqlanıb. Azərbaycanın əksər makroiqtisadi göstəriciləri qonşu Ermənistan və Gürcüstanın birgə göstəricilərindən 4-5 dəfə yüksəkdir. Model anlayışı mücərrəd anlayış deyil. Hər bir ölkənin özünəməxsus inkişaf xüsusiyyətləri var. Həm resurs, həm də aparılan siyasət xüsusiyyətləri var. Model o ölkələrə aid olunur ki, o ölkədə inkişaf anoloqu olmamazlığı ilə fərqlənir və aparılan siyasət fərqliliyi ilə xarakterizə olunur. Ön sözdə Azərbaycanın inkişaf yolu, aparılan siyasət və onun nəticələri barədə tam təsəvvür yaranır. Heydər Əliyev adı ilə bağlı neft strategiyası Azərbaycan xalqına hələ uzun müddət xidmət edəcək. Azərbaycanda bu gün dayanıqlı, davamlı inkişaf formalaşıb. Azərbaycan nəinki özünü təmin edib, həm də Avropa və digər bazarları üçün alternativ olub. Azərbaycanın neft strategiyası tək Azərbaycan üçün deyil, həm də qonşu ölkələr və dünya iqtisadiyyatına kömək edən amildir".
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov öz çıxışında qeyd edib ki, Akademik Ramiz Mehdiyev və yaradıcı qrupun Azərbaycan iqtisadi inkişafının təhlilini aparması və ictimaiyyətə təqdim etməsi təşəbbüsü Azərbaycan xalqı üçün mühümlüyü ilə seçilir: "Bu mövzu bir neçə ildir ki, ölkə elm ictimaiyyətini düşündürən problemlərdəndir. İnkişafın Azərbaycan modelinin formalaşması Azərbaycanın iqtisadi fikrini düşündürən mövzulardandır. Azərbaycan iqtisadi inkişaf modelinin bazasında Azərbaycandakı sabitlik dayanır. Ölkədə Heydər Əliyev tərəfindən təmin olunmuş sabitlik inkişafın platforması rolunda çıxış edir. Azərbaycanın iqtisadi inkişaf modelinin birinci komponenti bu amildir. Daha sonra isə Heydər Əliyevin neft strategiyası olub. Əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar nəticəsində iqtisadi inteqrasiya sahəsində Azərbaycan öz iqtisadiyyatını təmin edir, digər tərəfdən də dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilir".
Əli Əhmədov Azərbaycan iqtisadiyyatının inkişafının prinsiplərdən danışıb. O, bildirib ki, Azərbaycan bazar iqtisadiyyatının bütün prinsiplərini qəbul etməsi nəticəsində özünün iqtisadi inkişaf modelini formalaşdırıb: "Bugünkü Azərbaycanın iqtisadi inkişafının mühüm komponentlərində biri də sosial bazar prinsipləridir. Azərbaycanın sürətli inkişafı üçün çox etibarlı baza yaradılıb. Bundan sonra uzun illər nəzərdə tutulan inkişaf var. Bu kitab həm nəzəri mənbədir, həm də praktiki bir vəsaitdir". .
Millət vəkili, iqtisadçı Əli Məsimli da kitabın dəyəri, əhəmiyyəti barədə danışıb. Kitabın ideya müəllifinə və yaradıcı heyətinə təşəkkürünü bildirən millət vəkili qeyd edib ki, kitab Azərbaycanın iqtisad elmində irəliyə doğru addımdır. Onun sözlərinə görə, kitab həm fəlsəfi, həm nəzəri, həm də praktiki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
Kitabın redaktoru, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında kitabın təşəbbüskarı Ramiz Mehdiyevə və kitabın hazırlanmasında iştirak edən digər şəxslərə təşəkkürünü bildirib. O, qeyd edib ki, kitab təhlillər və dəyirmi masalar üçün əsas yaradır: "Əsas məqsəd ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən modelin fərqli xüsusiyyətləri təhlil olunsun, onun dayanıqlılığı müzakirə edilsin və onun çatışmayan tərəfləri barədə təhlillər aparılsın, müvafiq dövlət qurumlarına tövsiyələr edilsin".
PA rəsmisi bildirib ki, Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz inkişaf yolunu müəyyənləşdirib və Azərbaycanın inkişaf modelinin təməlində ümummilli lider Heydər Əliyev dayanır: " Dünyada tətbiq edilən iqtisadi modellər çoxsaylıdır. Amma müxtəlif ölkələrdə inkişafın özünəməxsus xüsusiyyətləri var. Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz inkişaf yolunu müəyyənləşdirib. Təsadüfü deyil ki, son zamanlar dünyadakı maliyyə-iqtisadi böhrandan çox az zərərlə çıxıb. Bu gün Azərbaycan təcrübəsindən dünyanın bir çox ölkələri bəhrələnmək istəyirlər. Eyni zamanda Azərbaycanın inkişaf modelinin təməlində ümummilli lider Heydər Əliyev dayanır. Dövlətin inkişafı tək iqtisadiyyat üzərində qurulmur. İqtisadiyyat bunun bazasını təşkil edir. Əminəm ki, gələcəkdə ayrı-ayrı tədris müəssisələri, alimlər buradakı məsələlərlə bağlı müzakirələri davam etdirəcəklər. Əsas məsələ odur ki, Azərbaycan dövlətinin iradəsi ortadadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB