Merkel: "Rusiya keçmiş sovet respublikalarında münaqişələri qızışdırır" İTTİHAM

Merkel: "Rusiya keçmiş sovet respublikalarında münaqişələri qızışdırır" İTTİHAM

“Bu dövlətlər öz ərazi bütövlüklərinin bərpa olunması ilə məşğuldurlar”

“Rusiya Ukraynada, Gürcüstanda, Ermənistanda, Moldovada və Azərbaycanda vəziyyəti destabilizə edir”. SİA “DW” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri cümə günü, sentyabrın 14-də Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel Litvanın Rukla şəhərində hərbi xidmət aparan alman hərbçiləri ilə görüşündə bildirib.

“Rusiya keçmiş SSRİ-nin bir çox respublikalarında vəziyyəti destabilizə edir”, deyə qeyd edən Almaniya hökumətinin başçısına görə, Avropa İttifaqında və NATO-da təmsil olunmayan demək olar ki, bütün keçmiş sovet respublikaları Rusiya tərəfindən yaradılmış daxili münaqişələrlə qarşı-qarşıya qalıb: “Bu gün bütün bu dövlətlər öz ərazi bütövlüklərinin bərpa olunması ilə məşğuldurlar, belə ki, Rusiya həmin əraziləri ya ayırıb, ya da orada münaqişə ocaqları yaradıb”.

Buna sübut olaraq, AFR-in kansleri Ukraynanı, Gürcüstanı, Moldovanı və Azərbaycanı göstərib.

Bundesverin hərbi bölmələri Baltikyanı ölkələrdə NATO missiyası çərçivəsində fəaliyyət göstərirlər. Məqsəd, Rusiyanın hibrid müharibəsinin qarşısını almaqdır. “Bu müharibəyə kiberhücumlar da daxildir", deyə Angela Merkel bildirib.

Qeyd edək ki, hazırda Baltikyanı ölkələrdə və Polşada rotasiya şəklində bütövlükdə elə də çox olmayan 4500-ə qədər NATO əsgər və zabitləri xidmət aparırlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə