Nazim Məcidov: “Yeni illə əlaqədar bulvarda inkişaf etmiş ölkələrdə olmayan bir atraksion quraşdırılacaq” - AÇIQLAMA

Nazim Məcidov: “Yeni illə əlaqədar bulvarda inkişaf etmiş ölkələrdə olmayan bir atraksion quraşdırılacaq” - AÇIQLAMA
"Yay mövsümünə nisbətən qışda bulvar ərazisinə gələn insanların sayı daha az olur. Buna səbəb həm dərslərin başlanması, həm də havaların soyuq olmasıdır". Bu sözləri Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, bulvara gələnlərin əksəriyyətini gənclər, cavanlar təşkil etdiyinə görə yay tətilində bulvara axın daha çox olur. Bulvar ərazisində istənilən mövsümdə insanların yüksək səviyyədə istirahət etməsi üçün hər çür şəraitin yaradıldığını dilə gətirən rəis müavini vurğulayıb ki, ərazidə Park Bulvar adlanan ticarət mərkəzinin açılması əvvəlki illərə nisbətən qış mövsümündə gələnlərin sayını xeyli çoxaldıb: "Ticarət mərkəzinin daxilində 6 kinoteatr, bir çox atraksion, kafe, restoran, şoppinqlər fəaliyyət göstərir. Bu ticarət mərkəzinin də məhz bulvar ərazisində yerləşməsi insanların axınını azaltmayıb. Sadəcə çöldə gəzintidə olan insanların sayı azdır. Qapalı kafelərdə, 4D, 5 D kino zallarında insanların sayı kifayət qədərdir".

Bulvar ərazisində gözlənilən yeniliklər haqqında da məlumat verən N.Məcidov söyləyib ki, ötən ildə olduğu kimi cari ildə də əraziyə iki yeni ağac gətirilib: "Ötən il bulvara gətirilən zeytun ağacları insanların marağına səbəb olmuşdu. Bu ənənəni davam etdirərək, bu il də bulvara iki yeni ağac gətirmişik. Argentinadan Avropaya oradan da ölkəmizə gətirilən bu ağaclar Xarziya adlanır. Yeni ağaclar həm Baobab qrupuna malik olmaları həm də 200-dən artıq yaşa malik olmaları ilə seçilir Bundan əlavə biz hər mövsümə uyğun olaraq bulvar ərazisinə yeni güllər və kollar gətiririk".

Açıqlaması zamanı bulvar ərazisində yeni atraksion quraşdırılacağını qeyd edən rəis müavini bildirib ki, onun quraşdırılması yeni ilə və ya 2011-ci ilin ilk günlərinə təsadüf edəcək: "Sözügedən atraksion hətta inkişaf etmiş ölkələrdə analoqu olmayan bir atraksiondur. O ilk dəfə Azərbaycanda quraşdırılacaq. Onun quraşdırılması üçün avadanlıqlar artıq sifariş verilib, yoldadır".

Bütün xəbərlər Facebook səhifəmizdə